Şadlıq evlərinə saxta spirtli içkilər satılır - Ekspert

Bir sıra ölkələrdə spirtli içkilərdən zəhərlənmə halları gündəm olub. Bir müddət əvvəl bu kimi hadisələr Azərbaycanda da baş verib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, spirtli içkilər bazarındakı anormal vəziyyət qalmaqdadır: "4 il bundan öncə bu bazardakı mənzərəni Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi masanın üstünə qoydu. Məlum oldu ki, ölkədə ən bahalı restoran və kafelərdə xarici ölkələrdən gətirilmiş bahalı içkilərin qabları atılmır, yenidən naməlum mayelərlə Azərbaycanda doldurulur və islehlakçılara satılır. Yəni bu bazar həddindən artıq çirklənmiş bir bazardır və çox təəssüflər olsun ki, 2019-cu ildə spirtli içkilərin istehsalındakı lisenziyalar ləğv olundu. Bu da o demək idi ki, kim nəyi istəsə istehsal edə bilərdi.

İlk baxışda bu yaxşıdır, istehsalçılar artıq xərcə düşməyəcəkdi. Lakin bundan sui-istifadə olundu və 20-yə yaxın araq istehsalçısı meydana gəldi. Hazırda bu rəqəm 90 ətrafındadır. Yalnız bir dənə şərab istehsalçısı əmələ gəldi. Yəni, arağın istehsalı çox sadədir. Spirti qarışdır suya, vəssalam, oldu araq. Dövlətin bu sahədə nəzarəti demək olar ki, sıfıra endi. Və bu vəziyyətdən sui-istifadə edən istehsalçılar əlbəttə ki, bu işə davam edir. İstehlakçılar mənə ölkənin müxtəlif yerlərindən zəng edir ki, araq içmişik, səhər-səhər başımız ağrıyır. Bu o deməkdir ki, bu araqların içərisində sivuş yağları həddən artıqdır. Və yaxud deyirlər ki, araq içmişik, gecə ağzımız quruyur. Bu o deməkdir ki, aldehidlərin miqdarı həddən artıq çoxdur, standartlara uyğun araq deyil və s. Şərab İstehsalçıları Assosiasiyası bir neçə aydır ki, bu vəziyyəti dəyişdirmək üçün Baş nazirə müraciət edib. Lakin hələ ki, Şərab İstehsalçılarının Assosiasiyasına heç bir cavab verilməyib.

Ölkədə küllü miqdarda saxta araq istehsalçıları mövcuddur. O cümlədən, mövcud araqlar şadlıq evlərinə verilir. Bu, geniş yayılmış bir problemdir".

Məsumə Məmmədli \ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı