Bu halda əlavə ödəniş olacaq - Yenilik

“Azparking”də giriş-çıxışda göndərilən hər SMS-ə görə artıq 0.10 AZN ödəniş çıxılması ilə bağlı iddialar yayılıb.

Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə vətəndaşlar qeyd ediblər. Onların sözlərinə görə, 24 iyundan etibarən sözügedən SMS-lər pullu olub.

Sürücülər qeyd edir ki, əvvəllər parkinqin ilk 15 dəqiqəsi tamamilə ödənişsiz idi, mesaj göndərildiyi halda belə həmin müddətdə heç bir pul çıxılmırdı. Amma bu dəyişiklikdən sonra SMS bildirişi göndərildiyi an vətəndaşın kontur hesabından 10 qəpik silinir. Eyni proses çıxışda da aparılır və parkinqdən 15 dəqiqədən az belə istifadə edənlər ümumilikdə 0.20 AZN ödəniş etməlidirlər.

Buna müvafiq olaraq 15 dəqiqəni keçdiyi halda avtomobillə parkinqə giriş və çıxış üçün göndərilən SMS-ə görə çıxılan pul isə ümumi parkinq pulunun üstünə gəlir.

Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza belə cavab aldıq: “Parklanmaya görə SMS-lərin ödənişli olması ilə bağlı bildiririk ki, bu, “Bakcell” və “Nar” mobil operatorları tərəfindən tətbiq edilən komissiya haqqıdır və parklanmaya görə ödəniş deyil. “Azercell” mobil operatoru tərəfindən bu xidmət üçün heç bir komissiya haqqı tətbiq edilmir.

Parklanmaya görə ödənişləri SMS-lə yanaşı, “Azparking” mobil tətbiqi üzərindən etmək mümkündür. Ödəniş üsulu vətəndaşlar tərəfindən könüllü seçilir. “Azparking” mobil tətbiqindən istifadəyə görə heç bir komissiya haqqı tutulmur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı