“Gənc bərpaçıların inkişafı üzrə tədris proqramı”na dair Anlaşma Memorandumu imzalandı

31 iyul 2024-cü il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və “Atelier Erich Pummer” şirkəti arasında “Gənc bərpaçıların inkişafı üzrə tədris proqramı” haqqında Anlaşma Memorandumu imzalanıb.

Metbuat.az bildirir ki, Anlaşma Memorandumu müvafiq olaraq “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə, AzMİU-nun rektoru Gülçöhrə Məmmədova və “Atelier Erich Pummer” şirkətinin rəhbəri, bərpaçı-memar Erix Pummer tərəfindən imzalanıb.

Sözügedən proqramın məqsədi gənc bərpaçıların akademik, praktiki bilik və səriştələrinin artırılması, onlara beynəlxalq təcrübənin aşılanması məqsədilə tərəfdaşların səylərini birləşdirməkdir.

İmzalanmış üçtərəfli Anlaşma Memorandumuna əsasən tərəfdaşlar tərəfindən “Gənc bərpaçıların inkişafı üzrə tədris proqramı”nın iştirakçıları üçün İçərişəhərdə nəzəri və praktiki məşğələlərin tədrisi moduluna başlanılacaqdır. Tədris modulunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlıq abidələrinin bərpası və mühafizəsi” ikili diplom magistr dərəcəsi üzrə təhsil alan tələbələri ilə yanaşı, Tarixi Abidələrin Bərpası Məktəbinin (Mak’TAB) dinləyiciləri də iştirak etmək imkanı əldə edəcəklər. Qeyd edək ki, Mak’TAB gənc bərpaçılara qabaqcıl bərpa metodlarının təlimi üzrə təcrübənin öyrədilməsini həyata keçirir.

Anlaşma Memorandumundan irəli gələn bu vacib əməkdaşlıq nəticəsində qarşıya qoyulan hədəf gənc bərpaçı milli kadr potensialının gücləndirilməsi, beynəlxalq tələblərə cavab verən yerli mütəxəssislərin yetişdirilməsi, eləcə də ölkənin zəngin tarixi-mədəni irsinin qorunması, xüsusilə işğaldan azad edilmiş Qarabağ bölgəsində aparılan bərpa işlərinə dəstək olmaq və töhfə verməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR