Azərbaycanda heç bir ölkənin hərbi kontingenti yoxdur - MEDİA

Medianın İnkişafı Agentliyi bəzi media qurumlarında Azərbaycanda İsrail hərbçilərinin olması ilə bağlı yayılmış dəqiqləşdirilməmiş məlumatlara aydınlıq gətirib.

Agentlikdən Metbuat.az-a daxil olan açıqlamada bildirilir ki, son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar:

"Dezinformasiyanın təsiri altında “Iran International” televiziya kanalı, habelə “The Telegraph” nəşri və “Kan” agentliyi Azərbaycan barədə beynəlxalq jurnalistika standartları ilə bir araya sığmayan informasiya manipulyasiyası həyata keçirmiş, guya İsrailin öz həbrçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə dezinformasiya yaymışdır.

Bildiririk ki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil və bununla bağlı yalan məlumatlara söykənmiş informasiya manipulyasiyalarını ciddi şəkildə qınayırıq. Eyni zamanda, bir daha diqqətə çatdırırıq ki, hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, media məlumatları paylaşarkən hamı tərəfindən qəbul olunmuş jurnalistikanın vahid etik prinsiplərinə əməl etməlidir.

Bu tipli klassik dezinformasiya nümunəsi olan materialların sosial şəbəkə seqmentinə sirayət etdikdən sonra bəzi yerli media subyektlərimiz tərəfindən təkrar tirajlanmasını yolverilməz hesab edib.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı