"Santuşun zamana ehtiyacı var" - Şahin Diniyev

"Sistemi qurmaq üçün Fernando Santuşun zamanı az idi, bu oyunlardan sonra etdikləri vacib olacaq".

Bunu Metbuat.az-a açıqlamasında “Səbail”in baş məşqçisi, tanınmış futbol mütəxəssisi Şahin Diniyev deyib. Millimizin son matçlarda göstərdiyi oyunla bağlı danışan Şahin Diniyevin sözlərinə görə, konkret fikir bildirmək üçün doğru zaman deyil:

"Düzdür, iki oyun oynanılıb, amma qarışıq oyunlar idi. Burada da oyun baxımından çox geri qalmırdıq, sadəcə nəticə baxımından məğlub olduq. Bu oyunlar baş məşqçi Fernando Santuş üçün tanışlıq xarakterlidir. Sistemi qurmaq üçün baş məşqçinin zamana ehtiyacı var. O, heyəti də qurmaq üçün br neçə oyun izləməlidir".

Müətəxəssis bildirib ki, İsveç və Slovakiyaya qarşı keçirilən oyunlar heyətdəki qüsurları görmək cəhətdən Santuş üçün faydalı oldu:

"Güclü komandalara qarşı oynadıq və bütün qüsurları, çatışmayan cəhətləri gördü. Artıq futbolçulara tam bələd oldu, bundan sonra etdikləri vacib olacaq. Reallığı da nəzərə alaq, Slovakiya Avropa çempionatının qrupundan çıxan bir komandadır, elə-belə rəqiblər deyildi. Bir az gözləməyə ehtiyac var".

Qeyd edək ki, futbol üzrə Azərbaycan millisi Millətlər Liqasında C liqasının I qrupunda İsveçə 3:1, Slovakiyaya 2:0 hesabı ilə məğlub olub.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı