Tələbələrin geyim və imicinə yanaşma necə olmalıdır? - ŞƏRH

Ali təhsil müəssisələrində tələbələrin xarici görünüşünə, geyiminə dair qadağaların qoyulması mövzusu tez-tez müzakirə edilir. Bəzi insanlar bu cür qadağaların doğru olmadığını hesab edir, digərləri isə universitetlərə açıq-saçıq geyimlərdə getməyin doğru olmadığını düşünürlər.

Metbuat.az mövzunu mütəxəssislərlə müzakirə edib.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, “Təhsil haqqında” qanunun 14.10-cu maddəsinə əsasən bütün təhsil müəssisələrində (dövlət ümumi təhsil müəssisələri istisna olmaqla) təhsilalanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir:


"Qanunvericiliyin tələbinə görə, təhsilalanlar təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etməlidirlər. Lakin qeyd edilən saç-saqqal, geyim və s. tələblərlə bağlı normativlər təhsil müəssisəsinin nizamnaməsində göstərilməlidir. Əgər nizamnamədə belə bir tələb qoyulmayıbsa, təhsil müəssisəsinin tələbələrə müxtəlif qadağalar qoyması əsassızdır. Hər bir halda tələbələrə dress-kod qaydaları ilə bağlı qoyulan qadağalar onların hüquqlarını pozmamalıdır. Təhsil müəssisəsinin qadağalarını hüquqa uyğun hesab etməyən tələbə bunu məhkəmədə mübahisələndirə bilər.

Tələbələrə qoyulan qadağalar müzakirə edilərkən bu məsələnin müxtəlif tərəfləri nəzərə alınmalıdır. Hər bir universitetin öz dəyərləri və məqsədləri var, buna görə də qadağaların məqsədi və tətbiqi kontekstə bağlıdır. Universitetlərdə qoyulan qadağalar bəzən müəyyən bir peşəkar mühitin qorunması, akademik intizamın təmin edilməsi və ya universitetin dəyərlərinin qorunması məqsədini güdə bilər".

Ekspertin sözlərinə görə, tələbələrin fərdi azadlıqları, o cümlədən geyim tərzi və görünüş seçimləri müasir dünyada önəmli bir məsələdir:

"Universitetlər tələbələrin fərdi ifadə azadlığını nəzərə alaraq, onların şəxsiyyətlərini və fərqli mədəniyyətlərini qəbul etməlidir. Həddindən artıq qadağalar tələbələrin şəxsi azadlıqlarını məhdudlaşdıra və bəzən əksinə, akademik mühitdə stres və narazılığa səbəb ola bilər. Dünyanın müxtəlif bölgələrində universitetlərdə qadağaların tətbiqi müxtəlif şəkildə olur. Bəzi ölkələrdə daha sərt qaydalar tətbiq edilir, bəzilərində isə daha sərbəst yanaşmalar mövcuddur. Bu konteksti nəzərə alaraq, hər universitetin öz spesifik mühitini, tələbələrinin ehtiyaclarını və mədəniyyətini nəzərə alaraq qərar verməsi vacibdir".

Məsələ ilə bağlı danışan jurnalist, sosioloq Lalə Mehralı deyib ki, əgər hansısa dini təriqəti təmsil etmirsə, saqqal o formada deyilsə, oğlanlara belə bir tələb qoyulmasını doğru hesab etmir:

"Çünki dövrün gəncləri daha çox görünüş, imic məqsədi ilə saqqal saxlayırlar, bu da onların təbii haqqıdır. Niyə universitetlər bu haqqı onların əlindən alır? Qızların kosmetikasına qarışılmadığı kimi, oğlanların imic üçün saxladıqları saqqala da qarışılmamalıdır. Oğlan var üzündə problem olur deyə hər gün təraş edə bilmir, oğlan var 1-2 santimetrlik saqqal saxlamağı məqbul sayır. Yəni bu tamamilə insanın özünün fikir və düşüncəsindən asılıdır. Saqqalı o zaman qadağan etmək olar ki, hansısa dini mənsubiyyəti təmsil etsin. Bizdə tələbələr 18-22 yaşlarda olur, onların o qədər gur saqqalı olmur. Ehtimal ki, hamısı imic üçün saxlayır və bu, onların haqqıdır.

Tələbələrin geyimi də çox müzakirə olunan mövzudur. Geyim bir növ bizim kimliyimizin göstəricisidir. Bəzən deyirlər geyim əxlaq göstəricisi deyil, siqaret-içki əxlaq göstəricisi deyil. Əgər bunların heç biri deyilsə, onda insanın əxlaqlı olub-olmadığının göstəricisi nədir? Universitet geyim mövzusunun əhəmiyyətli olduğu müəssisələrdəndir. Biz unutmamalıyıq ki, ora zəkamızı itiləmək üçün gedirik, bizim üçün geyim ikinci planda olmalıdır. Əgər oğlanların saqqalına qarışırlarsa, qızların çöldə qalan göbəyinə, baldırına da qarışmalıdır universitetlər. Qaydalar hər iki tərəf üçün eyni dərəcədə əhəmiyyətlidir və gender ayrı-seçkiliyi olmamalıdır".

Fazil Mustafa məsələyə münasibət bildirərkən qeyd edib ki, universitetlərdə tələbələrin geyiminə müəyyən baxış ola bilər, amma hansısa bir məhdudiyyət, qadağa effekt verməyəcək:

"Çünki müasir dövrün tələbləri bir az başqadır, universitetlərdə də belə bir tələb yoxdur. Onda gərək Çindəki kimi hamı eyni formanı geyinib gəlib otursun, bu bir az uyğun olmayacaq. Azərbaycanda cəmiyyətin dəyərlərinin yenidən müzakirə olunması, hansı yanlışların olması ilə bağlı gənclərin daha çox nələrdən təsirləndiyini araşdıran sosial mexanizm olmalıdır. Bunun əsasında addımlar atılmalıdır. Bizdə bütün addımlar inzibati qaydada atılır, bu da yanlış nəticələrə gətirib çıxara bilər. Daha peşəkar davranmaq hamının xeyrinə olardı".

Cavidan Mirzəzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR