"Qarabağ" niyə tıxacda qaldı? - Təfərrüat bilindi

Xəbər verdiyimiz kimi, Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda "Tottenhem"lə qarşılaşma öncəsi "Qarabağ" gözlənilməz çətinliklə üzləşib. "Qarabağ" stadion yolunda 2 saatdan çox tıxacda qalıb. Bu səbəbdən Bakı vaxtı ilə saat 23:00-da başlamalı olan oyun 35 dəqiqə gecikərək 23:35-də start götürüb.

Metbuat.az xəbər verir ki, Britaniya mətbuatı, xüsusilə "Daily Mail" bu problemlə bağlı geniş yazı dərc edib. Nəşrdə qeyd olunub ki, "Qarabağ" komandası Londonda baş verən tıxac səbəbindən oyunun başlamasına 15 dəqiqə qalmış (Bakı vaxtı ilə 23:00) stadiona çata bilib. Komanda stadiondan 12 mil məsafədə yerləşən hoteldə yerləşmişdi. Londonda dəmiryolu və avtomobil yollarının bağlanması nəticəsində minlərlə azarkeş də daxil olmaqla, hamı tıxacın yaratdığı xaosla üzləşib.

Həmçinin, qeyd edilir ki, tıxacdan təkcə futbolçular deyil, həmçinin oyunun şərhçiləri Piter Krauç və Qlen Hoddl da təsirlənib. Onlar stadion yaxınlığında güclü yağış altında maşından düşərək, piyada getmək məcburiyyətində qalıblar.

Bu hadisə ilə bağlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov məyusluğunu ifadə edib: "Tıxacda saatlarla qalmaq oyuna hazırlığı çətinləşdirdi. Biz stadionda cəmi 40 dəqiqə hazırlaşa bildik. Bu, əlbəttə, futbolçularımıza təsir etdi, amma rəqibimizin qələbəsini şübhə altına almaq istəmirəm. Onlar yaxşı komandadır".

Xatırladaq ki, "Tottenhem" və "Qarabağ" arasındakı oyun 3:0 hesabı ilə London klubunun qələbəsi ilə yekunlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı