Baqeri İsrailə qarşı raket hücumunun təfərrüatını açıqladı

İran Baş Qərargah Rəisi general Məhəmməd Baqeri İsrailin İrana hücum edəcəyi təqdirdə daha sərt cavab verəcəklərini, İsrailin bütün infrastrukturunu hədəfə alacaqlarını bəyan edib.

Metbuat.az xəbər verir ki, IRNA-nın yaydığı videomüraciətdə general Baqeri İnqilab Keşikçiləri Ordusunun İsrailə qarşı həyata keçirdiyi raket hücumunun təfərrüatlarını açıqlayıb.

General Baqeri Həmas lideri İsmayıl Həniyyəyə Tehranda təşkil olunan sui-qəsddən sonra ABŞ, Avropa və digər ölkələrin İranın vəziyyəti daha da gərginləşdirməməsi üçün təzyiqlər göstərdiyini qeyd edib. O, bu təzyiqlər səbəbindən İranın müəyyən müddət cavab verməkdən çəkindiyini bildirib. İranlı general İsrailin bu müddətdə ABŞ-nin dəstəyi ilə cinayətlərini davam etdirdiyini və xüsusən Hizbullah lideri Həsən Nəsrullahın, eləcə də İran İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələri komandan müavini, general Abbas Nilfuruşanın öldürülməsini vurğulayıb.

Baqeri bildirib ki, bu hadisələrə dözmək artıq mümkün deyildi, ona görə də İnqilab Keşikçiləri Ordusu İsrailin əsas hərbi bazalarını hədəfə alaraq cavab verib. İsrailin törətdiyi cinayətlərə baxmayaraq, beynəlxalq hüquqa uyğun olaraq mülki ərazilərin hədəf alınmadığını və yalnız hərbi bazaların vurulduğunu qeyd edib.

"İsrailin üç əsas hava bazası - Hatzerim, Nevatim və Qəzzə ətrafındakı hərbi mərkəzlər vurulub", - deyə o bildirib.

Baqeri əlavə edib ki, əməliyyat zamanı İsrailin iqtisadi infrastrukturlarına hücum etmək imkanı olsa da, bu addımdan çəkiniblər. Lakin ABŞ və Avropa İsraili nəzarətdə saxlamasa, gələcəkdə daha geniş miqyaslı cavab veriləcək.

İranın dövlət televiziyası isə təxminən 200 raket atıldığını və ilk dəfə hipersonik "Fettah-1" raketlərinin istifadə edildiyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı