Son iki gündə 3 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən 9 piyadavurma hadisəsi baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
"Piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinini qarşısının alınması istiqamətində aparılan qabaqlayıcı tədbirlərə baxmayaraq, hələ də piyadalar arasında təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşanlara rast gəlinir ki, bu da onları yol qəzalarının qurbanına çevirir. Elə son iki gündə 3 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən 9 piyadavurma hadisəsinin qeydə alınması deyilənlərə bir daha təsdiq edir.
Piyadaların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, bu qəbildən olan qəzaların mütləq əksəriyyəti piyada zolaqlarının, yaxud yeraltı və ya yerüstü piyada keçidlərinin yaxınlığında, xüsusilə sutkanın qaranlıq vaxtı baş verir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları yolu keçərkən diqqətli olmağa, o cümlədən telefon və sair bu kimi vasitələrdən istifadə etməkdən çəkinməyə, eynisəviyyəli piyada keçidlərində ləngiməməyə, yolu yalnız onların hərəkəti üçün nəzərdə tutulmuş yerlərdən keçməyə, svetoforun tələblərinə riayət etməyə, xüsusilə azyaşlı uşaqlarla hərəkət zamanı təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə çağırır", - qurumdan bildirilib.