XİN COP29-la bağlı məlumat yaydı

Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində təşkil olunan “Dağlar üzrə gündəliyin irəlilədilməsi, ümumi trend və iqlim dəyişikliyi” mövzusunda yüksək səviyyəli dialoqda iştirak və çıxış edib.

Metbuat.az xəbər verir ki, bu baradə XİN məlumat yayıb.

Yüksək səviyyəli tədbirdə, həmçinin Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsux, Nepal Prezidenti Ramçandra Paudel, habelə digər yüksək səviyyəli rəsmilər iştirak edib.

Tədbirdə çıxışı zamanı nazir Ceyhun Bayramov, dağların Yer kürəsində bir çox insanın evi rolu oynaması ilə yanaşı, onların təmin etdiyi təbii ehtiyatların, o cümlədən su resurslarının vacibliyi, habelə ekosistem və biomüxtəliflik baxımından əhəmiyyətindən bəhs edib.

Dağlarda buzlaqların əriməsi, bunun nəticəsində yaranan daşqın və torpaq sürüşmələri kimi fəlakətlərin bu istiqamətdə sistematik tədbirlərin görülməsini şərtləndirdiyi diqqətə çatdırılıb.

BMT-nin könüllü alyansı olan “Dağ Tərəfdaşlığı” kimi şəbəkələrin müvafiq çağırışlar üzrə məlumatlılığın artırılması, resursların səfərbərliyi baxımından əhəmiyyəti qeyd olunub. Bununla belə, dağlarda yaşayan insanlar və dağ ekosistemini qorumaq üçün daha çox işlərin görülməsinin, həll yolları istiqamətində əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

COP29 sədrliyimizin o cümlədən, dağ ekosistemi ilə bağlı iqlim problemlərinin yerli icmalara münasibətdə spesifik və hədəfyönümlü iqlim planlarına ehtiyac duyduğuna diqqət çəkdiyi qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı