Almaniyadakı Azərbaycan və türk diaspor təşkilatları 20 Yanvar faciəsinin ildönümünü qeyd ediblər

22:03 19 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+



Bielefeld, 19 yanvar, AzərTAc
Almaniyanın Bielefeld şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti və Bielefeld Atatürkçü Düşüncə Dərnəyi 1990-cı ildə sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi 20 Yanvar faciəsinə həsr olunmuş mərasim və sərgi təşkil edib.
Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva 20 Yanvar faciəsinin tarixi, sovet qoşunlarının dinc sakinlərə qarşı həyata keçirdiyi insanlığa zidd hərbi təcavüz barədə məlumat verib və bu cinayətə görə məsuliyyət daşıyanların hələ də cəzasız qaldığını söyləyib.
Cəmiyyətin icraçı direktoru Faiq Məmmədov sovet imperiyasının ermənipərəst rəhbərləri başqa olmaqla Azərbaycana qarşı planlı şəkildə həyata keçirilmiş əməliyyatlardan danışıb. Bildirib ki, keçmiş sovet rejimi 20 Yanvar faciəsini reallaşdırmaqla Azərbaycan xalqına qarşı planlı şəkildə soyqırımı aktı həyata keçirib. F.Məmmədov erməni daşnaklarının XX əsrin əvvəllərindən bəri eyni ssenari ilə hərəkət etdiyini, 1988-1990 və 1992-ci illərdə törətdikləri faciələrin də bu ssenarinin tərkib hissəsi olduğunu söyləyib. O, Avropa dövlətlərini, beynəlxalq qurumları Azərbaycan xalqına qarşı vaxtaşırı həyata keçirilmiş faciələrə, soyqırımlara biganə qalmamağa, bu hadisələrə ədalətli qiymət verməyə çağırıb.
Bielefeld Atatürkçü Düşüncə Dərnəyinin sədri Mehmet Ali Ölmez, Bielefeld Göy Məscidinin sədri Mehmet Irmaq və digərləri çıxış edərək 20 Yanvar faciəsinin, günahsız insanlara zirehli texnika ilə hücum edilməsinin insanlığa sığmayan cinayət olduğunu qeyd ediblər. Çıxış edənlər, həmçinin ermənilərin İrəvan və Zəngəzurda azərbaycanlılara, türklərə qarşı törətdiyi ağlasığmaz vəhşiliklər barədə danışıblar. İştirakçılar Avropa İnsan Haqları Məhkəməsini, digər müvafiq beynəlxalq təşkilatları bütün bu cinayətlərə ədalətli qiymət verməyə çağırıblar.
Tədbirdə Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri ilə yanaşı, Almaniya Sosialist Partiyasının Bielefeld şəhəri üzrə təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri də iştirak ediblər.
Vüqar Seyidov
AzərTAc-ın xüsusi müxbiri
Bielefeld

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR