Bulvardakı “balina”nın sizə sözü var - “1364 …”

İqlim deyiləndə niyəsə ilk ağlıma gələn “11 iqlim qurşağından 9-u Azərbaycandadır” cümləsi olur. Məktəb illərindən eşitdiyimiz bu “fakt”ın yanlış olduğunu çox sonralar öyrəndik. Öyrəndik ki, dünyada 11 yox, 13 iqlim qurşağı var.

Azərbaycanda isə bu iqlim qurşaqlarından yalnız ikisi mövcuddur. Bunların da daxilində 8 iqlim tipi var.

İndi Yasamalda oturub bu sadə həqiqətləri yazarkən məndən təxminən 11 kilometr məsafədə bütün dünya iqlimlə bağlı qəliz həqiqətləri müzakirə edir.

“Koroğlu”nun düz yanında bütün dünyanın kor olduğu məsələlər göz önünə sərilib.

Əslində illərdir görürük, eşidirik, danışırıq. Amma həm də “üç meymun” kimi özümüzü görməzliyə, eşitməzliyə və danışmazlığa qoymuşuq.

Artıq bir neçə gündür dünyanın ekoloji problemlərini anlayan, bilən hər kəs COP29-un işığına yığışıb.

Təəssüf ki, bu işıqdan kənarda qalıb qaranlığı seçənlər də var. Onlar bəşəriyyəti təhdid edən problemlərlə mübarizədə ittifaq qurmaq əvəzinə nifaq qururlar. Çox sadə bir həqiqəti anlamırlar ki, bu tədbir Azərbaycana deyil, üzv olduqları BMT-yə məxsusdur. Birləşmiş Millətlər Təşkilatına.

Millətlər birləşib dünyanın dərdini müzakirə edir. Öz dünyasında olanlar isə burada yoxdur. COP-dan qopanlar əslində yaxalarını məsuliyyətdən kənara çəkənlərdir. Dünyanın ekoloji problemlərinin, baş verən bütün fəlakətlərin günahı isə bu dünyada yaşayan hər kəsin çiynindədir.

Azərbaycan müstəqillik tarixinin ən böyük tədbirini keçirir. 10 minlərlə insan Bakıya toplaşıb mərhum Cəfər Cabbarlının unudulmaz qəhrəmanı Oqtayın sualını verir: “Kimdir müqəssir?”

Müqəssirlərin mütəəssir olmadığı dünyada bu sualın cavabı elə də önəm daşımır. Əvəzində digər sual ortaya çıxır: Nə etməli?

Dərhal cavab verim. Hamı əlini cibinə salmalı və çoxlu pullar xərclənməlidir.

COP29-dan dünya insanına şad xəbər – planeti xilas etmək üçün indi əllər ciblərə daha dərin salınacaq.

Belə ki, beynəlxalq maliyyə korporasiyaları və bank strukturları iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracaqlar. Məsələn, Dünya Bankı maliyyə töhfəsini 170 milyard dollara çatdıracağını bildirib. Bu fantastik nəticədir.

Fantastika ilə reallığı özündə ehtiva edən “kaşalot” layihəsinin nəticəsi isə çox da ürəkaçan deyil.

Bu instalyasiya əslində dünyaya balinaların kütləvi ölümü ilə bağlı ekoloji fəlakətin siqnalını ötürmək məqsədi daşıyır. Lakin bizim cəmiyyətə ötürdüyü siqnal düşündürücü deyil, əyləndirici effekt verdi. İndi qlobal mesajlı maket bəzi gənclərin əllərini toxundurmaq üçün bəhsə girdiyi bir hədəfə çevrilib. Baxmayaraq ki, məsələ çox ciddidir. O maketin dili olsaydı deyərdi ki, “təkcə 2022-ci ildə dünya sularında 1364 balina öldürülüb. Bunun da 999-u məhz kommersiya məqsədlərinə görə qurbana çevrilib”.

İndi Bakıda toplaşan dünya məhz bu və digər mövzularda dəhşətli nəticələri aradan qaldırmaq üçün çalışır. Hər şey bir yana, bu günlərdə Bakı tək Azərbaycanın deyil, dünyanın paytaxtıdır. O qədər ciddi və əhəmiyyətli tədbirdir ki, sanki bəşəriyyətin taleyi bu küləklər şəhərində həll olunur. Paytaxtımız bəlkə də heç vaxt bu qədər rəngli və ahəngli olmamışdı.

Hər rəngin öz anlamı, öz dünyası var, amma dünyanın rəngi yaşıl olsun.

Yaşıl dünya naminə həmrəy olaq.

Rahil Sayadoğlu, xüsusi olaraq Metbuat.az üçün.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı