Azərbaycan gələcək COP tədbirlərində istinad nöqtəsi kimi göstəriləcək - Vüsal Hüseynov

COP29-da iqlim dəyişikliyi, insan yerdəyişməsi və miqrasiyaya geniş yer verilməsi növbəti COP-larda bu istiqamətdə addımların daha da genişlənəcəyinə və istinad nöqtəsi kimi Azərbaycanın göstəriləcəyinə zəmin yaradır.

Metbuat.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın insan yerdəyişməsi mövzusuna bu qədər diqqət göstərməsi ölkənin bu məsələlərə həssas yanaşmasının nəticəsidir:

“COP29 artıq ikinci həftədir Azərbaycanda davam edir. Bu gün yüksək səviyyəli müzakirə paneli təşkil olunub. Müzakirənin mövzusu iqlim dəyişikliyinin insan yerdəyişməsi üçün yaratdığı çağırışlar, problemlər idi. COP29 tədbirindən əvvəl BMT Baş Assambleyası çərçivəsində də Nyu-York şəhərində yüksək səviyyəli tədbirlər keçirilib. Hazırda isə ən üst səviyyəli olan tədbir COP29-da keçirilir. Azərbaycanın insan yerdəyişməsi mövzusunda bu qədər diqqət göstərməsi ölkənin bu məsələlərə həssas yanaşmasının nəticəsidir”.

Xidmət rəisi bildirib ki, su ehtiyatlarından səmərəli istifadə sahəsində müvafiq sərəncamlar, fəaliyyət planları imzalanıb və tətbiq edilir:

“İqlim dəyişikliyi dünyanın hər bir nöqtəsinə təsir edir. Əlbəttə ki, Azərbaycan da dünyanın bir hissəsi olaraq bu təsirlərdən yan keçmir. Bizim bugünkü tədbirin mövzusu daha çox iqlim dəyişmələri və məcburi insan yerdəyişmələridir. Təbii fəlakətlər, su ehtiyatlarının azalması da insan yerdəyişmələrinə təsir edir. Bu mövzu Azərbaycan siyasətinin prioritet istiqamətlərindən biridir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı