​Binəqədi Tibb Mərkəzində xəstələrə qarşı laqeydlik

Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində yağışlı havada xəstələrin içəri buraxılmaması narazılıq yaradıb.

Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

"Anamı Ə.Məlikov adına xəstəxanaya gətirmişəm. Nə görsəm yaxşıdır? Xəstələri yağışın altında saxlayıblar. Bu, xəstələrə zülm verilməsidir", - deyə paylaşımda yazılıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-a bildirilib ki, buna səbəb vətəndaşların tibb müəssisəsinə saat 9:00-dan əvvəl müraciət etmələri olub.

"TƏBİB tərəfindən tabeli tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və ümumilikdə vətəndaşların məmnunluğunun təmin edilməsi istiqamətində mütəmadi olaraq zəruri addımlar atılır.

Qeyd edək ki, tibb müəssisələrində həkim və digər tibb personalının iş saatları müvafiq qanunvericiliyin tələbinə uyğun formada tənzimlənir.

Səsləndirilən iddialar həqiqəti əks etdirmir. Belə ki, vətəndaşlar tibb müəssisəsinə xidmət almaq üçün saat 9:00-dan əvvəl müraciət ediblər. Buna baxmayaraq, təcili hallar olduğu halda vətəndaşlara tibb müəssisəsinin fasiləsiz xidmət göstərən Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə müraciət etmələri bildirilib. Lakin vətəndaşlardan bəzisi səbirsizlik nümayiş etdirərək tibb müəssisəsinin qapı və pəncərələrinə zərbələr endirib.

Bütün bunlara baxmayaraq, tibb müəssisəsinin rəhbərliyi və kollektivinə vətəndaşlarla daha nəzakətli davranmaqla bağlı məlumat verilib.

Əlavə edək ki, Binəqədi Tibb Mərkəzinə gündəlik olaraq 1000-ə yaxın vətəndaş müraciət edir. Tibb mərkəzində vətəndaşlara gün ərzində 4000-ə yaxın tibbi xidmət göstərilir", - deyə açıqlamada bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı