​Tələbələrin təqaüdləri artırılacaq? - AÇIQLAMA

Son zamanlar maaşlar və pensiyalarda edilən artımlar cəmiyyətdə müsbət qarşılanıb. Tələbələrin maddi vəziyyətinin yaxşılaşdırılması da gözləntilər arasındadır. Hazırda bakalavriat səviyyəsi üzrə təqaüdlərin məbləği 100 - 175 manat, magistratura səviyyəsi üzrə isə 110 – 195 manatdır. İctimai nəqliyyat, qidalanma və digər xərcləri də nəzərə alsaq, bu məbləğ bir tələbənin ayı başa vurmasına çətin çatır. Bəs təqaüdlərin artırılması məsələsi gündəmdədir?

Mövzu ilə əlaqədar millət vəkili Ceyhun Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, bu məsələ dövlətin diqqətindədir və davamlı olaraq araşdırılır:

“Biz cənab Prezidentin siyasətində təhsilə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşıldığını görürük. Bu kateqoriyada tələbələrin diqqətdə saxlanılması, onlara dövlətin dəstəyinin təmin olunması prioritet istiqamət kimi müəyyənləşdirilir. Müvafiq strukturlarla məsləhətləşmələr aparılır və biz davamlı olaraq tələbələrin də təqaüdlərinin artırıldığını görürük. Bu məsələ ilə bağlı gələcəkdə müəyyən qərarlar qəbul ediləcək. Nəzərə almalıyıq ki, dövlətimiz Qarabağı yenidən qurur, orada böyük quruculuq və abadlıq işləri həyata keçirir, pensiyalar artırıldı, təqaüdlər artırıldı və mərhələli şəkildə digər sahələrdə də bu artımları və addımları müşahidə edəcəyik”.

ceyhun6

Ceyhun Bayramov bəzi təhsil işçilərinin maaşlarının artırılmasını xatırladıb:

“Bir müddət bundan əvvəl akademiya sistemində çalışan insanların əməkhaqqısı qaldırıldı. Onların həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən bir sıra addımlar atıldı. Bu da onu deməyə əsas verir ki, məsələ dövlətin diqqətindədir və mərhələli şəkildə gərəkən bütün addımlar atılacaq”.

Mövzu barədə təhsil eksperti Elçin Əfəndi də öz fikirlərini bölüşüb.

O bildirib ki, ən son 2023-cü ildə artan təqaüdlərin yenidən artırılması mütləqdir:

elchinefendi

“Mövcud kommunal və digər artımları nəzərə alsaq, həm bakalavriat, həm də magirstr səviyyəsində tələbələrin təqaüdləri azdır. Ən azından əlaçılara 200 manata qədər, zərbəçilərə 175 manat, adi təqaüd alanlara isə 145-150 manata qədər artımlar olsa, müəyyən qədər dəstək xarakteri daşıya bilər. Yəqin ki, qarşıdakı dövr ərzində dövlət başçısı bununla bağlı müvafiq sərəncam imzalayar. Çünki Prezident tərəfindən dəfələrlə vurğulanıb ki, prioritet məsələlərdən biri tələbələrin daha yaxşı təhsil almalarıdır. Bu amillər nəzərə alınana tələbə təqaüdlərində müəyyən artımların ola biləcəyini düşünürük".

Ekspert qeyd edib ki, nəqliyyatda tələbələrə güzəştlərin tətbiqi də məqsədəuyğun olar:

"Həmçinin tələbələrin digər problemlərindən biri yataqxana və ya kirayə məsələsidir ki, bununla bağlı dövlət tərəfindən hansısa sosial proqram həyata keçirilərsə, tələbələrin təhsil almaları baxımından müsbət xarakterizə olunar. Bunun üçün yataqxanalar tikilməlidir. Həmçinin kirayə evlərdə qalan tələbələrə kirayədə müəyyən endirimlərdən yararlanmaları üçün müəyyən kartların verilməsi bu istiqamətdə müsbət addım kimi dəyərləndirilə bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə hazırlanmışdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı