Bu şirkətlər insanları aldadırlar - DİN-dən xəbərdarlıq

Sosial şəbəkələrdə vətəndaşları məşhur türk seriallarında aktyor kimi işə dəvət edən şirkətlər çoxalıb.

Bu şirkətlərə internet üzərindən müraciət etmək mümkündür. Daha sonra həmin media şirkəti vətəndaşı müsahibəyə dəvət edir, işlərini və planlarını təqdim edir. Şəxs əməkdaşlıq etmək istədiyi təqdirdə ona müəyyən qədər məbləği (adətən 20-30 manat) ödəyərək müqavilə imzalamalı olduğu, bununla da onun sənədlərinin Türkiyədəki məlumat bazasına göndəriləcəyi bildirilir. Yəni lazım olduğu halda həmin şəxs həm də qardaş ölkədə çəkiləcək yeni serial və filmlərdə rol ala bilsin. Eyni zamanda aktyorluqla bağlı bütün detalların məşhur aktyorlar – müəllimlər tərəfindən öyrədiləcəyi də qeyd olunur.

Növbəti mərhələdə müqaviləni imzalayan şəxs həmin ustad heyətinin qarşısında sınaqdan keçirilir. Əksər hallarda onların aktyorluq qabiliyyətinin yetərli olmadığı, təlimlərə cəlb olunmalarının vacibiyyəti vurğulanır. Təbii ki, bu dərslərə qatılmaq üçün pul tələb olunur. Halbuki bu vaxtacan dərslərin ödənişli olacağı qeyd olunmamışdı.

Təəssüflər olsun ki, həvəs ucbatından bu cür dələduzların qurbanı olan vətəndaşların sayı az deyil.

Bəs həmin şirkətlərə qarşı polis hansı tədbirləri görür?

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə işə qəbulla bağlı saxta elanlarla insanları aldadan və onların pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı daxil olmuş müraciətlər araşdırılır. Vətəndaşları narahat edən hüquqpozmalara qarşı tədbirlər görülür:

“Naməlum şəxslər vətəndaşlarla əlaqə saxlayaraq hər bir şəxsdən işə qəbulla bağlı müraciətin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun köçürülməsini istəyirlər. Həmin məbləği nağdlaşdırdıqdan sonraisə zərərçəkənlərin əlaqə nömrələrini bloklayırlar. Bir daha vətəndaşlara tövsiyə edilir ki, elan saytlarında yerləşdirilən məlumatlara münasibətdə diqqətli olsunlar, onlayn ödənişlər etməsinlər”.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı