Şuşada keçirilən I İslam Dünyası Mədəniyyət Forumu başa çatıb.
Metbuat.az xəbər verir ki, “Münaqişədən sonrakı dövrdə mədəni irsin qorunması və canlandırılması” mövzusunda keçirilən forumda Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov, Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət nazirinin müavinləri Fərid Cəfərov, Səadət Yusifova və digər rəsmilər, media mənsubları iştirak ediblər.
Tədbir çərçivəsində “Beynəlxalq mühafizə mexanizmləri təcrübədə: İslam dünyasında postmünaqişə irsinin öyrənilməsi" və “Mədəni irsin dirçəldilməsi: mədəni irsin qorunmasında texnoloji innovasiyalar və rəqəmsallaşma" mövzusunda panel sessiyalar keçirilib.
Sessiyalarda çıxışçılar mədəni irsin qorunması, bərpası və digər lazımi proseslər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa-yenidənqurma prosesi barədə geniş söz açılaraq bunun nümunəsində mədəni irsə qayğı və diqqətin artırılmasına diqqət çəkilib.
Qeyd edək ki, forum Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO və Azərbaycan Prezidentinin Şuşa Rayonunda Xüsusi Nümayəndəliyinin tərəfdaşlığı ilə baş tutub.
09:53
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” adlı I İslam Dünyası Mədəni Forumu keçirilir.
Metbuat.az xəbər verir ki, forumun açılışında beynəlxalq ekspertlər, eləcə də mədəni irsin qorunması sahəsində çalışan mütəxəssislər iştirak edirlər.
Forumun əsas məqsədi postmünaqişə dövründə bölgələrdə dağıdılmış və təhlükə altında olan mədəni irsin qorunması, yenidən bərpası və bu sahədə İslam dünyası ölkələri arasında əməkdaşlığın gücləndirilməsidir.
Forum çərçivəsində “Beynəlxalq qoruma mexanizmlərinin təcrübədə tətbiqi: Postmünaqişədən sonra İslam Dünyasında mədəni irsin nümunələri” mövzusunda müzakirələr aparılacaq. Panel zamanı iştirakçılar müxtəlif ölkələrdən olan uğurlu bərpa layihələri, hüquqi və institusional yanaşmalar barədə təqdimatlar edəcəklər.
Növbəti panel isə “Mədəni irsin canlandırılması: Texnologiya, innovasiya və rəqəmsallaşma” mövzusuna həsr olunacaq. Burada müasir texnologiyaların irsin sənədləşdirilməsi və qorunmasında oynadığı rol, o cümlədən süni intellekt və 3D modelləşdirmə texnologiyalarının tətbiqi imkanları müzakirə ediləcək.