2026-cı ilin son aylarında güclənəcəyi gözlənilən “El-Ninyo” (El Niño) iqlim hadisəsi dünyanın müxtəlif bölgələrində ciddi fəsadlara səbəb ola bilər.
Metbuat.az xəbər verir ki, UNICEF-in təhlilinə əsasən, oktyabr-dekabr aylarında təxminən 100 ölkə və bölgədə 347 milyondan çox uşaq ekstremal hava şəraitinin yaratdığı risklərlə üzləşə bilər.
Bildirilir ki, güclü quraqlıq, leysan yağışları və daşqınlar milyonlarla insanın həyatına təsir göstərə bilər. Xüsusilə Kolumbiya, Fici, Papua-Yeni Qvineya və Filippində quraqlıq və su çatışmazlığı riskinin artacağı gözlənilir. Afrikanın bəzi bölgələrində isə normadan artıq yağıntılar proqnozlaşdırılır.
Mütəxəssislərin fikrincə, yağıntıların azalması kənd təsərrüfatı məhsullarının istehsalını zəiflədə, ərzaq qiymətlərinin yüksəlməsinə və qida çatışmazlığına səbəb ola bilər.
Ən ciddi təhlükə isə Əfqanıstan, Çad, Yəmən və Sudan kimi humanitar böhran yaşayan ölkələrdə gözlənilir.
UNICEF-in icraçı direktoru Ketrin Rassel xəbərdarlıq edib ki, “El-Ninyo” yalnız hava hadisəsi deyil. Onun təsirləri uşaqların məcburi köçkün vəziyyətinə düşməsinə, qidalanma çatışmazlığına, su qıtlığına və yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər.
Qeyd edək ki, “El-Ninyo” Sakit okeanın ekvatorial hissəsində suyun səth temperaturunun yüksəlməsi ilə əlaqəli təbii iqlim hadisəsidir və dünyanın müxtəlif bölgələrində yağıntı və temperatur rejiminə təsir göstərir.