Tərtər, 10 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində ən mühüm şərtlərdən biri taxıl istehsalının artırılmasıdır. Bu baxımdan məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı, yüksək reproduksiyalı taxıl toxumlarının istehsalı və səpin zamanı bu toxumlardan istifadə edilməsi böyük əhəmiyyət kəsb edir. Taxıl istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində dövlət və özəl toxumçuluq təsərrüfatlarının rolu böyükdür.
Tərtər Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Xatirə Məmmədova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına və emal müəssisələrinə göstərilən çoxşaxəli dəstək aqrar bölmənin inkişafında mühüm rol oynayır. Toxumçuluq təsərrüfatlarına dövlət himayəsinin həyata keçirilməsi ilə əlaqədar digər güzəştlərlə yanaşı, satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara görə dövlət büdcəsindən onlara subsidiya ödənilir. Bu tədbir regionlarda toxumçuluq işlərinin genişləndirilməsi, toxumçuluq təsərrüfatlarının maddi-texniki bazalarının yaxşılaşdırılması istiqamətində müsbət nəticələr verir. Belə ki, dövlət dəstəyindən istifadə edən toxum istehsalçılarının istehsala marağı artır, istər orijinal, super elit və elit, istərsə də 1-ci və 2-ci reproduksiyalı toxumların istehsalının genişləndirilməsi imkanları yüksəlir və strateji əhəmiyyətə malik taxıl toxumuna olan tələbat əsasən daxili istehsal hesabına təmin olunur.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda taxılçılıqla məşğul olan sahibkarlar səpin zamanı “Azərtoxum” MMC, “Tərtər” MMC toxumçuluq təsərrüfatı və Elmi Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında becərilən yerli şəraitə uyğun yüksək məhsuldar toxumlardan istfadə edirlər. Bu müəssisələr tərəfindən cari ilin məhsulu üçün rayon ərazisində 1500 hektardan çox sahədə toxumluq taxıl yetişdirilib. Əldə edilən toxumlar Tərtərin taxıl istehsalçıları ilə yanaşı, respublikanın bir sıra rayonlarındakı taxılçılıqla məşğul olan fermerlərin də toxuma olan tələbatının ödənilməsində mühüm rol oynayır.
Tərtər Bölgə Təcrübə Stansiyasının direktoru Mehman Babayev bildirib ki, hazırda stansiyada dənli bitkilərin seleksiyası, toxumçuluq və becərmə texnologiyası istiqamətlərində üç şöbə fəaliyyət göstərir. Toxumçuluq şöbəsində yumşaq buğdanın 11, bərk buğdanın 1, arpanın isə 2 sortunun elmi əsaslarla toxumçuluğu ilə məşğul olunur. Hər il burada 450-500 ton yüksək reproduksiyalı orjinal, super elit və elit toxumları istehsal edilir. Bu toxumlar Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında respublikada fəaliyyət göstərən dövlət və özəl toxumçuluq təsərrüfatlarına verilir. 2015-ci ilin məhsulu üçün 232,5 hektarda toxumluq arpa və buğda sortları əkilib.
2009-cu ildən fəaliyyət göstərən “Tərtər” MMC özəl toxumçuluq təsərrüfatının direktoru Fərman Qurbanov isə deyib ki, cari ilin məhsulu üçün 720 hektar sahədə buğdanın “Azəri”, “Murov-2”, “Qırmızı gül” və 2014-cü ildə rayonlaşdırılmış “Şəfəq-2”, 220 hektarda arpanın “Qarabağ-22”, “Qarabağ-33” sortları əkilib. Tirəli və adi səpin texnologiyaları əsasında becərilən taxıl sahələrinə düzgün aqrotexniki qulluq göstərilməsi bol məhsulun yetişməsinə səbəb olub. Bir neçə gündən sonra arpa biçininə başlanılacaq. Bu il hər hektardan orta hesabla 45-48 sentner taxıl istehsalı proqnozlaşdırılır. İstehsal olunan taxıl təmizlənərək çeşidlənəcək, laboratoriya müayinəsindən keçiriləcək, dərmanlanıb kisələrə yığılacaq və R1 reproduksiyalı toxum fermerlərə satılacaq.
Taxıl istehsalı ilə məşğul olan mülkiyyətçilərə dövlət tərəfindən yanacaq və sürtkü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına və toxumçuluq təsərrüfatlarına subsidiyaların verilməsi, fermerlərin əkin zamanı məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı, yüksək reproduksiyalı taxıl toxumlarına daha çox üstünlük verməsi və müasir becərmə texnologiyalarından istifadə məhsuldarlığın ilbəil artmasına səbəb olur. Əminliklə demək olar ki, dövlətimizin başçısının Dövlət Toxum Fondunun yaradılması haqqında imzaladığı Sərəncam, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi, taxılçılığın və toxumçuluğun inkişafına göstərilən diqqət və qayğı öz bəhrəsini verəcək, dənli bitkilərin hər hektarının məhsuldarlığının yüksəlməsinə, ölkənin taxıla olan tələbatının yerli istehsal hesabına ödənilməsinə nail olunacaq.


