Bakı, 10 iyun, AZƏRTAC
Mayın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti büro iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, iclasda bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov ilk dəfə ölkəmizdə keçirilən “Bakı-2015” birinci Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən danışıb.
Sonra BTEB-in yeni istiqamətləri ətrafında müzakirələr aparılıb, biologiya üzrə iki, tibb üzrə isə üç istiqamət müəyyənləşdirilib.
İclasda, həmçinin bölmənin 2015-ci ildə doktorant və dissertant hazırlığı üzrə qəbul planı, Zoologiya İnstitutunun 80 illiyi və elmi şurasının yeni tərkibi, Fiziologiya İnstitutunun yeni elmi strukturu, respublika elmi cəmiyyətlərində seçkilərin keçirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.