Bakı, 10 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin yaz-yay mövsümündə istirahətinin təşkili istiqamətində tədbirləri davam etdirir. Bu gün nazirlik daha 41 nəfər əlilliyi olan şəxsi xüsusi ayrılmış nəqliyyat vasitəsilə Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə göndərib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən bu ilin yaz-yay aylarında əlilliyi olan min nəfərdən çox şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarındakı istirahət-sağlamlıq mərkəzlərində istirahətinin təşkili nəzərdə tutulub. İndiyədək 596 nəfərin istirahətə göndərilməsi təmin edilib. Onların istirahət günlərinin mənalı keçməsi üçün müxtəlif idman yarışları, viktorinalar, göldə balıq ovu, ətraf rayonlara və tarixi yerlərə gəzinti turları təşkil olunur, həmin şəxslər müxtəlif fizioterapevtik müalicə prosedurlarına cəlb edilir.
Əlilliyi olan şəxslər onların sosial təminatının gücləndirilməsinə, həmçinin ölkənin səfalı guşələrində istirahətlərinin təşkilinə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.