Bakının ev sahibliyi etdiyi I Avropa Oyunlarında mübarizəyə start verilib.

Metbuat.az-ın məlumatına görə, ilk gün möhtəşəm su şousu ilə başlayıb. Sinxron üzgüçülük duet və komanda yarışları saat 09:00-da start götürüb.

Sinxron üzgüçülük üzrə Belarus idmançıları Hanna Şulhina və Dominika Tsiplakova dueti idman tarixinə yeni səhifə yazıblar. Onlar Bakı 2015-də sərbəst yarışların ilkin mərhələsində çıxış etməklə oyunların açılışını ediblrə.

17 yaşlı rusiyalı idmançı, ikiqat dünya çempionu Anisiya Neborako Bakı Su İdmanı Mərkəzində komanda tərkibində üç medal uğrunda günorta keçiriləcək yarışlara başlayır.

Bu gün keçiriləcək digər yarışlardan fərqli olaraq, su polosu yeganə idman növüdür ki, burada ilkin yarış mərhələsinin 1-ci raundunda 12 qadın komandası yarışacaq. Qadınlar Voterpol Arenasında mübarizəyə başlayacaq.

İlk Avropa Oyunlarında su polosu üzrə yarış 17 yaşlı idmançılar arasında Avropa Çempionatından daha mötəbər olduğuna görə, Bakıda qızıl medala sahib olmaq gənc idmançılar üçün böyük stimul yaradır.

Bundan sonra isə bütün avropalıların diqqəti 12 iyun - bu gün axşam keçiriləcək Bakı 2015 Avropa Oyunlarının möhtəşəm Açılış Mərasiminə yönələcək.

Açılış Mərasiminin təfərrüatları haqqında məlumat sirr olaraq saxlanılır. Lakin bəllidir ki, 2.000 nəfər bu axşam hər kəsə inanılmaz şou nümayiş etdirəcək.

Şou təşkilatçıları əmin edirlər ki, Açılış Mərasimi ilk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycanın mədəniyyətini özündə təcəssüm etdirən möhtəşəm idman bayramı olacaq.

Günün proqramı:

Sinxron üzgüçülük

09:00. Duetlər, təsnifat, sərbəst rejim

15:30. Komandalar, təsnifat, sərbəst rejim

(Bakı Su İdmanı Mərkəzi)

Su polosu

12:00. Qadınlar, A qrupu: Hollandiya - İsrail, Macarıstan - Almaniya

13:45. Qadınlar, A qrupu: Yunanıstan - Böyük Britaniya

13:45. Qadınlar, B qrupu: İspaniya - Serbiya

15:30. Qadınlar, B qrupu: Rusiya - Slovakiya, İtaliya - Fransa

(Vaterpol Arenası)