Avropada transfer pəncərəsinin bağlanmasına saatlar qalmış “Monako”nun futbolçuları ilə bağlı iki transfer ləğv olunub.
Metbuat.az xəbər verir ki, Folarin Balogunun “Everton”a, Lamine Kamaranın isə “Çelsi”yə transferi son anda baş tutmayıb. Məlumata görə, “Monako” hər iki futbolçunun satışı ilə bağlı qarşı tərəflərlə razılığa gəlsə də, sonradan qərarını dəyişib. İngiltərəli jurnalist Ben Yakobs Kamaranın “Çelsi”yə keçidi üçün 55 milyon avroluq anlaşmanın artıq qüvvədən düşdüyünü bildirib. Bildirilir ki, Fransa klubu Balogunun “Everton”a transferi ilə bağlı danışıqları yenidən nəzərdən keçirdikdən sonra Kamara ilə bağlı razılaşmadan da geri çəkilib.
Qeyd edək ki, hər iki futbolçunun adı yay transfer dönəmində “Qalatasaray”la da hallanıb. Məlumata görə, Lamine Kamaranın “Çelsi”yə keçidinin baş tutmaması İstanbul klubunun diqqətini yenidən onun üzərinə yönəldib.