ABŞ federal hökuməti dövlət qulluğuna işə qəbul prosesini sürətləndirmək üçün süni intellekt dəstəkli müsahibə sistemini sınaqdan keçirməyə hazırlaşır.
Metbuat.az xəbər verir ki, təxminən 1,9 milyon əməkdaşı olan federal hökumət bu texnologiyanı ilk mərhələdə “Tech Force” proqramına müraciət edən namizədlər üzərində tətbiq edəcək. Bildirilir ki, namizədlərin müraciətlərinin təhlili və ilkin müsahibələri “CodeSignal” platformasının süni intellekt alətləri vasitəsilə aparılacaq. Sistem əvvəlcədən müəyyənləşdirilmiş sualları namizədlərə təqdim edən virtual süni intellekt nümayəndələri ilə müsahibələr həyata keçirəcək. Müsahibələrin səsli, görüntülü və ya mətn formatında keçirilməsi, daha sonra isə qeydə alınaraq mətnə çevrilməsi nəzərdə tutulur. Məlumata görə, əldə olunan məlumatlar süni intellekt tərəfindən ümumiləşdirilərək işə qəbul üzrə məsul şəxslərə təqdim ediləcək. Bununla belə, hökumətin insan resursları qurumu kritik qərarların qəbulunda insan nəzarətinin saxlanılmasının vacibliyini vurğulayıb.