Türkiyənin Qaziantep şəhərində Diyanət İşləri Başqanlığına bağlı dini təhsil mərkəzində çalışan imam Ömər F. O. barədə 27 nəfər məhkəməyə şikayət edib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, imamın aralarında kurs iştirakçılarının da olduğu təxminən 70 nəfərdən “qohumum məni aldadıb, çətin vəziyyətdəyəm” deyərək zəkat adı ilə pul topladığı iddia olunur.

Şikayətçilər ümumi zərərin 50 milyon türk lirəsi (təxminən 182 min manat) olduğunu bildiriblər. Onların iddiasına görə, imam topladığı pullardan qumar və sələmçi borclarını ödəmək üçün istifadə edib.

Bəzi silahlı sələmçilərin dini təhsil mərkəzinin ətrafında dolaşdığı da iddia edilib.

İmamla zərərçəkənlər arasında aparılan yazışmalar araşdırma materiallarına sübut kimi əlavə olunub. Bildirilir ki, yazışmalarda din xadimi borclarını qəbul edib, lakin ödənişləri müxtəlif bəhanələrlə təxirə salıb.

İmamın borclarını “qayınatamın dəstəyi ilə bağlayacağam” və “yoxlamanın nəticəsini gözləyirik” kimi ifadələrlə ödəməyi təxirə saldığı qeyd olunur.

Hadisə ilə bağlı araşdırma davam edir.