Hazırda Rusiya-Ukrayna və Yaxın Şərqdə iki əsas münaqişə gedir. Bu proseslərin necə nəticələnəcəyi və dünya xəritəsinin necə dəyişəcəyi hələ aydın deyil. Türkiyə ilə Azərbaycan arasındakı Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Metbuat.az xəbər verir ki, bunu Bakıda keçirilən “Türk Dünyası Dialoqları: Ortaq Gələcək, Ortaq Vizyon” panelində millət vəkili Fariz İsmayılzadə deyib.
O bildirib ki, texnologiyaların sürətli inkişafı ənənəvi ordu quruculuğuna ciddi təsir göstərir və yeni çağırışlara hazır olmaq vacibdir.
Deputat Türkiyənin innovasiya və müdafiə sahəsində mühüm irəliləyişlər əldə etdiyini vurğulayıb.
F.İsmayılzadənin sözlərinə görə, Türk dünyasının inteqrasiyası, xüsusilə iqtisadi əməkdaşlıq və Orta Dəhlizin inkişafı istiqamətində mühüm addımlar atılır:
“Gələcəkdə hərbi sənaye sahəsində əməkdaşlığa və birgə hərbi təlimlərə daha çox diqqət yetirməliyik”.
O, təhsil sahəsində də əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Millət vəkili birgə magistr və bakalavr proqramlarının, eləcə də tələbə mübadiləsinin artırılmasına ehtiyac olduğunu bildirib.