İtaliya hökuməti məktəblərdə xarici şagirdlərin sayının tənzimlənməsi və dini geyimlərlə bağlı yeni qaydalar tətbiq etməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, “Reuters”in məlumatına görə, Baş nazir Ciorcia Meloni rəhbərlik etdiyi “İtaliya Qardaşları” partiyasının təşkil etdiyi gənclər tədbirində bildirib ki, bununla bağlı qanun layihəsi yaxın vaxtlarda Nazirlər Şurasına təqdim olunacaq.

Yeni sənəddə bir sinifdə təhsil ala biləcək xarici şagirdlərin maksimum sayının müəyyənləşdirilməsi nəzərdə tutulur. Bundan əlavə, italyan dilini kifayət qədər bilməyən və məktəbə inteqrasiya prosesində çətinlik yaşayan uşaqların valideynlərinin italyan dili öyrənməsini məcburi edən müddəanın da layihəyə daxil ediləcəyi bildirilir.

Layihədə məktəblərdə burqa və niqab geyinilməsinə qadağa qoyulması da nəzərdə tutulur.

Meloninin sözlərinə görə, tədbirlərin əsas məqsədi xarici şagirdlərin İtaliya cəmiyyətinə inteqrasiyasını sürətləndirməkdir. O bildirib ki, bir sinifdə italyan dilini bilməyən uşaqların sayı artdıqca onların dili mənimsəməsi də çətinləşir.

“Fondazione ISMU”nun məlumatına əsasən, İtaliya vətəndaşlığı olmayan şagirdlər ölkə məktəblərindəki bütün şagirdlərin 11,6 faizini təşkil edir. Başqa sözlə, hər 100 məktəblidən təxminən 12-si İtaliya vətəndaşı deyil.