“Qalatasaray”ın ulduz futbolçusu Viktor Osimenlə bağlı azarkeşləri sevindirən xəbər yayılıb. Zədə səbəbindən son üç rəsmi oyunda komandasına kömək edə bilməyən nigeriyalı hücumçunun milli fasilədən sonra meydana qayıtması gözlənilir.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Osimenin sosial şəbəkədəki son hərəkəti onun “Kasımpaşa” ilə qarşılaşmada forma geyinməyə hazır olduğuna işarə kimi qiymətləndirilib. 27 yaşlı futbolçunun “Osimhen Kasımpaşa matçında oynaya bilər” başlıqlı paylaşımı bəyənib.
Bu addım ulduz hücumçunun zədəsini geridə qoyduğuna və qarşıdakı görüşdə komandasına kömək etməyə hazır olduğuna dair mesaj kimi qəbul edilib.
“Qalatasaray” milli fasilədən sonra əvvəlcə “Kasımpaşa” ilə qarşılaşacaq. Daha sonra İstanbul təmsilçisini UEFA Çempionlar Liqasında “Barselona” ilə çətin oyun gözləyir. Bu baxımdan Osimenin heyətə qayıtması komandanın hücum xətti üçün mühüm amil hesab olunur.
Osimhen 2025-ci ilin yayında “Qalatasaray”a transfer olunub və klubla dördillik müqavilə imzalayıb.