“Bakı trası ümumilikdə çox çətindir. Burada uğur qazana bilsəniz, yaxşı imkanlar yaranır. Bu trasda ən vacib amillərdən biri özünəinamdır. Səhvə yol vermədən hücum etməyi bacarmalısınız”.
Metbuat.az xəbər verir ki, bunu açıqlamasında “Cadillac” komandasının pilotu Sergio Peres deyib.
O bildirib ki, Bakıdakı yarışlarda külək də pilotların işini çətinləşdirən əsas amillərdən biridir:
“Xüsusilə yarış günü külək şəraiti çox çətinləşdirə bilər. Son illərdə Bakıda keçirilən yarışlarda külək böyük amil olub. Buna görə avtomobili trasda saxlamaq və səhvlərdən yayınmaq çox vacibdir”.
Peres Bakı trasındakı uzun düzlüklərin hazırda bolidin zəif tərəflərindən birini ön plana çıxara biləcəyini də qeyd edib:
“Burada çoxlu uzun düzlüklər var. Hazırda hava müqaviməti bizim ən böyük zəifliklərimizdən biridir. Buna görə böyük möcüzə gözləmirəm. Bununla belə, irəliyə doğru addım atmışıq. Ümid edirəm ki, Bakıda yeni “Ferrari” mühərriki ilə yaxşı kombinasiya tapa və uğurlu həftəsonu keçirə bilərik”.
“Cadillac” pilotunun sözlərinə görə, komanda böyük yeniliklər gətirmədən də avtomobilin mövcud potensialından maksimum istifadə etməyə və rəqiblərlə fərqi azaltmağa çalışır.
“Bütün diqqət artıq gələn ilə yönəlib. Bu, düzgün qərardır, amma mövsümün son yarışlarının bizim üçün çox çətin keçəcəyi deməkdir. Hazırda nəticə əldə etmək üçün müəyyən qədər şansa da ehtiyacımız var”, – deyə Peres əlavə edib.
Gülbəniz Hüseynli / Metbuat.az