Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü və son sərbəst yürüşündə ən yaxşı nəticəni göstərib. “Red Bull Racing” pilotu Bakı Şəhər Halqasında sessiyanı 1:43.922 nəticə ilə başa vuraraq sıralanma turu öncəsi ən sürətli pilot olub.

Metbuat.az xəbər verir ki, “Mercedes” pilotu Corc Rassel 1:44.021 nəticə ilə ikinci, “Ferrari” pilotu Lyuis Hemilton isə 1:44.033 nəticə ilə üçüncü olub. Hemiltonun komanda yoldaşı Şarl Lekler və “Alpine” pilotu Pyer Qasli ilk beşliyi tamamlayıblar.

Qeyd edək ki, birinci və ikinci sərbəst yürüşlərdə ən yaxşı nəticəni Corc Rassel göstərmişdi.

Bu dəfəki yürüş də insidentlə yadda qaldı. “Aston Martin” pilotu Lens Stroll 1-ci döngədə baryerə toxunduqdan sonra bolidini saxlamaq məcburiyyətində qalıb.

Bununla da pilotlar sıralanma turundan öncə keçirilən 3 sərbəst yürüşü geridə buraxdılar. Bu gün saat 16:00 da isə sıralanma turu keçiriləcək.

Azərbaycan Qran Prisi isə 26 sentyabrda Bakı Şəhər Halqasında baş tutacaq.