Naxçıvanda son günlər baş verən kadr dəyişiklikləri rəhbər postlarla bağlı müzakirələri yenidən gündəmə gətirib. Xüsusilə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradovun vəzifədən azad edilməsi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin istefa verməsi diqqət çəkib. Bununla yanaşı, muxtar respublikada bir sıra nazirlik və dövlət qurumlarına rəhbərlik hazırda müvəqqəti icraçılara həvalə olunub.

Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı sərəncamla Ovni Mehbalı oğlu Muradov Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Diqqət çəkən digər rayon Sədərəkdir. Rayona rəhbərlik başçının birinci müavini tərəfindən həyata keçirilir.

Nazirliklərdə də analoji vəziyyət hökm sürür. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Hüseyn Səfərov nazir müavini olmaqla nazir vəzifəsini müvəqqəti icra edir. Nazirliyin rəsmi saytında onun statusu açıq şəkildə göstərilir.

Səhiyyə Nazirliyində isə nazir müavini Rəşadət Nabatov nazir vəzifəsini müvəqqəti icra edir. Nazirliyin rəsmi məlumatlarında da onun bu statusu ilə bağlı xəbərlər dərc olunub.

Eyni vəziyyət Mədəniyyət Nazirliyində də müşahidə olunur. Nazir müavini Həsən Seyidov nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə isə Azər Məmmədrəhimov rəhbərlik edir. O da nazir müavini olmaqla nazir vəzifəsini müvəqqəti icra edir. Nazirliyin sentyabr ayında yayımladığı rəsmi məlumatda Məmmədrəhimov bu statusda təqdim olunub.

Bu dörd nazirlikdə rəhbərliyin daimi təyinatla deyil, müvəqqəti icra mexanizmi ilə həyata keçirildiyi görünür.

Dövlət qurumlarında da oxşar vəziyyət var. Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi vəzifəsini Tural Abdulzadə müvəqqəti icra edir. Xidmətin rəsmi saytında o, rəis müavini və rəis vəzifəsinin müvəqqəti icraçısı kimi göstərilir.

Əmlak Məsələləri Dövlət Xidmətində də rəis postu müvəqqəti icra olunur. Xidmətin rəsmi məlumatına əsasən, Nurlan Fətəliyev rəis vəzifəsini müvəqqəti icra edir.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrliyini isə Nihad Qurbanov müvəqqəti icra edir. Agentliyin rəsmi məlumatlarında Qurbanov sədr müavini və sədr vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən şəxs kimi təqdim olunur.

Digər mühüm qurumlardan biri olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində də rəhbərlik daimi təyinatla deyil. Vüsal Məmmədov İdarə Heyəti sədrinin müavini olmaqla sədr vəzifəsini müvəqqəti icra edir. Bu barədə həm Agentliyin rəsmi saytında, həm də Ali Məclisin sərəncamında məlumat var.

Hazırda Naxçıvanda kadr islahatlarının hansı istiqamətdə davam edəcəyi maraq doğurur. Xüsusilə Babək və Sədərək Rayon İcra Hakimiyyətlərinin başçısı postları ilə yanaşı, bir sıra nazirlik və dövlət qurumlarında da daimi rəhbərlərin müəyyənləşdirilməsi gözlənilir.