Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın da ortaq olduğu restoran şəbəkəsi sürətlə genişlənir. “İstinye Tavukçusu” adı ilə fəaliyyət göstərən marka son aylarda Türkiyənin müxtəlif şəhərlərində və iri ticarət mərkəzlərində yeni filiallar açmağa başlayıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bilal Ərdoğan bu ilin əvvəlində Esenlər Bələdiyyəsində keçirilən tədbirdə gənclərin “Nə işlə məşğulsunuz, necə pul qazanırsınız?” sualını cavablandırarkən qida sektorunda fəaliyyət göstərdiyini və ortaqları ilə birlikdə restoranlarının olduğunu deyib.

Məlumata görə, Bilal Ərdoğan bacısı Sümeyyə Ərdoğan Bayraktarla birlikdə “İstinye Tavukçusu” markasının sahibləri arasındadır. Uzun müddət məhdud sayda filialla fəaliyyət göstərən restoran şəbəkəsi bu il genişlənmə tempini əhəmiyyətli dərəcədə artırıb.

Qızardılmış və müxtəlif souslarla təqdim olunan toyuq məhsulları ilə tanınan marka son aylarda İstanbulun Galataport ərazisindəki restoranının qarşısında yaranan uzun növbələrlə də diqqət çəkib.

Hazırda şirkətin İstanbul və İzmirin müxtəlif ərazilərində, həmçinin Dubayda restoranları fəaliyyət göstərir. Sentyabr ayında Türkiyənin ən böyük ticarət mərkəzlərindən biri olan Forum İstanbulda da yeni filial istifadəyə verilib.

Restoran şəbəkəsinin genişlənmə planları bununla məhdudlaşmır. Şirkət 2027-ci ildən etibarən Ankara və Bakı da daxil olmaqla müxtəlif şəhərlərdə yeni filiallar açmağı planlaşdırır.