"Bakı mərhələsinə avtomobil üçün geniş yenilənmə paketi gətirilib".

Metbuat.az-ın tədbirdəki müxbiri xəbər verir ki, bunu "Audi F1" komandasının rəhbəri Mattia Binotto Bakıdakı mətbuat konfransında bolidə gətirilən yeniliklər və komandanın inkişaf prosesi barədə danışan zaman deyib.

Binotto bildirib ki, ilk sərbəst yürüşdə əsas məqsəd yeni komponentlərlə bağlı məlumat toplamaq və onların gözlənilən nəticəni verib-vermədiyini müəyyənləşdirmək olub.

“Hazırda məlumatları təhlil edirik. Hələ iki avtomobil arasında tam performans müqayisəsi aparmaq mümkün deyil. Ancaq ilkin göstəricilərə əsasən, paket gözlədiyimiz kimi işləyir və bu, müsbət haldır”, – deyə Binotto bildirib.

O əlavə edib ki, yeniliklərin yalnız dövrə vaxtına təsiri deyil, komandanın mühəndislik, istehsal və inkişaf proseslərini təkmilləşdirməsi də Audi üçün xüsusi əhəmiyyət daşıyır.

Binottonun sözlərinə görə, komanda öz qarşısına daha böyük çağırışlar qoyaraq istehsal müddətlərini qısaltmağa və zavoddan trasa qədər bütün inkişaf sisteminin effektivliyini artırmağa çalışır.