"Formula 1" də 2026-cı ildə qüvvəyə minmiş yeni texniki reqlamentin təkmilləşdirilməsi ilə bağlı müzakirələr davam edir.

Metbuat.az xəber verir ki, Azərbaycan Qran-prisi çərçivəsində Bakıda keçirilən mətbuat konfransında komanda rəhbərlərindən Fernando Alonsonun irəli sürdüyü və Maks Verstappenin də dəstəklədiyi təklifə münasibət bildirmələri istənilib.

Söhbət elektrik enerjisinin düzlüklərdə istifadəsinin optimallaşdırılmasından gedir. Təklifin məqsədi bolidlərin maksimum sürət xarakteristikasını dəyişməklə daha təbii ötmə imkanları və yaxın mübarizə yaratmaqdır.

“Red Bull Racing”in rəhbəri Laurent Mekies bildirib ki, mövcud yol xəritəsi artıq müəyyənləşdirilib və 2027-ci ildə nisbətən məhdud, 2028-ci ildə isə daha ciddi dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bununla belə, fransalı mütəxəssis yarışların keyfiyyətini artıracaq əlavə düzəlişlərə qarşı olmadıqlarını vurğulayıb.

“Əgər daha yaxşı və daha yaxın yarışlara xidmət edən əlavə dəyişikliklərlə bağlı ümumi razılıq əldə olunarsa, biz bunu dəstəkləyərik. Fernando və Maksın təklif etdiyi istiqamət də məhz bununla bağlıdır”, – Mekies deyib.

Mattia Binotto isə tələsməməyi və əvvəlcə artıq razılaşdırılmış dəyişikliklərin tras üzərində hansı nəticəni verəcəyini görməyi daha məqsədəuyğun hesab edir.

Onun sözlərinə görə, 2027-ci il üçün nəzərdə tutulan düzəlişlərin təsiri qiymətləndirildikdən sonra reqlamentə əlavə müdaxilələrin zəruri olub-olmadığı daha aydın görünəcək.

“Əvvəlcə etdiyimiz dəyişikliklərin vəziyyəti nə qədər yaxşılaşdıracağını görməliyik. Əlavə düzəlişlərə ehtiyac yaranarsa, konstruktiv müzakirələrə hər zaman açığıq”, – Binotto bildirib.