Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu yubiley yarışı çərçivəsində autizmli gənclər üçün xüsusi Paddok turu təşkil olunub.

Metbuat.az xəbər verir ki, sosial inklüzivlik təşəbbüsü çərçivəsində gənclər Formula 1 yarış həftəsinin pərdəarxası ilə tanış olmaq və Paddokun atmosferini yaxından yaşamaq imkanı əldə ediblər.

Ziyarət zamanı gənclər Formula 1 komandalarının fəaliyyət göstərdiyi ərazilərə baş çəkib, yarış həftəsinin hazırlıq prosesini izləyib və komandaların Qran-Prinin əsas gününə hazırlıqlarını yerindəcə görüb.

“Birgə və Sağlam” İctimai Birliyinin koordinatoru: “Bu gözəl fürsət üçün Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə təşəkkür edirik. Gənclərin Formula 1 yarışını yaxından görməsi, Paddokda vaxt keçirməsi və bu xüsusi atmosferi yaşaması onlar üçün çox maraqlı və yaddaqalan oldu. Belə imkanların yaradılması bizim üçün çox dəyərlidir.”

Təşəbbüs Formula 1-in sosial məsuliyyət proqramları çərçivəsində həyata keçirilən ənənəvi fəaliyyətlər sırasındadır.