Tanınmış oyunçuların matçların son dəqiqələrində turşu suyu içməsinin səbəbi diqqət çəkib.

Metbuat.az xəbər verir ki, əvvəllər əzələ qıcolmaları zamanı mineral su və banan kimi vasitələrə üstünlük verilsə də, turşu suyunun bu problemin aradan qaldırılmasına təsiri araşdırılıb. Məlumata görə, içkinin mədədən bağırsaqlara keçməsi, sorulması və qan vasitəsilə əzələlərə çatması xeyli vaxt tələb edir. Buna baxmayaraq, turşu suyu qəbul edən bəzi idmançılarda qıcolmanın 35-40 saniyə ərzində azaldığı müşahidə olunur. Bu təsirin turşu suyunun tərkibindəki sirkə turşusunun boğaz və qida borusunda yerləşən sinir reseptorlarını stimullaşdırması ilə bağlı olduğu ehtimal edilir. Bu stimulun sinir sistemi vasitəsilə əzələlərin yığılmasına təsir edən siqnalları dəyişə biləcəyi bildirilir.

Əzələ qıcolmaları bəzən sinir sistemindən gələn qeyri-iradi və davamlı yığılma siqnalları nəticəsində yaranır. Turşu suyunun yaratdığı qıcıqlanmanın bu siqnalların tənzimlənməsinə təsir göstərərək əzələnin boşalmasına kömək edə biləcəyi irəli sürülür.