Süni intellekt və dilçilik alqoritmlərinin təhlili nəticəsində müxtəlif dillərdə ən xoş səslənən qız və oğlan adları müəyyənləşdirilib. Araşdırma zamanı adların tələffüz rahatlığı, səslərin ahəngi və insan qulağında yaratdığı təəssürat əsas meyarlar kimi götürülüb.

Metbuat.az Türkiyənin "Sözcü" nəşrinə istinadən xəbər verir ki, təhlildə dünyanın müxtəlif dillərində asanlıqla tələffüz edilən, fərqli mədəniyyətlərdə müsbət təəssürat yaradan adlara üstünlük verilib.

Qiymətləndirmə zamanı xüsusilə yumşaq samitlərin və açıq saitlərin ahənginə diqqət yetirilib. Bildirilib ki, “l”, “m”, “n” və “r” kimi samitlərin “a”, “e”, “i” və “o” saitləri ilə uyğunluğu adların daha melodik səslənməsinə kömək edir. Sərt samitlərin az olması isə onların müxtəlif dillərdə rahat tələffüzünü asanlaşdırır.

Təhlilin nəticələrinə əsasən, qız adları arasında Sofya (Sophia) ilk sırada qərarlaşıb. Müdriklik mənasını verən bu ad zərif səslənişi və müxtəlif dillərdə asan tələffüz olunması ilə seçilib.

Siyahıda Arya (Aria), Maya, Elena, Alina və Zoe adları da yer alıb. Arya adının musiqidə solo melodiya mənası daşıması, Mayanın isə qısa və ahəngdar səslənməsi xüsusi qeyd olunub.

Oğlan adları arasında Nuh (Noah) ən xoş səslənən adlardan biri kimi göstərilib. Liam, Leo, Luka (Lucas) və İlyas (Elias) adları da siyahıda yüksək qiymətləndirilib.

Təhlildə bu adların əsas üstünlükləri kimi müxtəlif dillərdə rahat tələffüz olunmaları, ahəngdar səslənmələri və müsbət assosiasiyalar yaratmaları göstərilib.