Rusiya Prezidenti Vladimir Putin ölkənin Arktika zonasının inkişafı və regionda milli təhlükəsizliyin təmin olunmasına dair yeni strategiyanı təsdiqləyib.
Metbuat.az TASS-a istinadən xəbər verir ki, müvafiq fərman Arktikada Rusiyanın milli maraqlarının qorunması, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və təşkilatların fəaliyyətinin koordinasiyasının gücləndirilməsi, eləcə də regionun kompleks sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə imzalanıb.
Sənədə əsasən, Rusiya hökumətinə altı ay ərzində Arktika zonasının və Transarktik nəqliyyat dəhlizinin inkişafı üzrə kompleks layihə hazırlamaq tapşırılıb. Layihə daha sonra Strateji İnkişaf və Milli Layihələr üzrə Prezident Şurasının müzakirəsinə təqdim ediləcək.