Bakı, 16 iyun, AZƏRTAC
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunub təhsili müəyyən səbəblərdən yarımçıq qalmış şəxslərin arxivdə aşkarlanmış attestatlarının Təhsil Nazirliyi tərəfindən qaytarılması prosesi davam edir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, müvafiq siyahıda adı olan, iyunun 16-dək “Qaynar xətt” xidmətinə (146-1) zəng edərək qeydiyyatdan keçmiş 404 nəfərdən 243-ü sənədlərini geri alıb.
Qeydiyyatdan keçmiş vətəndaşlar şəxsiyyəti təsdiqləyən sənədlə (digər şəxslər etibarnamə əsasında) hər həftənin çərşənbə axşamı və çərşənbə günləri Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə müraciət edərək, müvafiq sənədlərini geri ala bilərlər.