Bakı, 18 iyun, Samirə Quliyeva, AZƏRTAC
İyunun 18-də “Paşa Bank” və “British Council Azərbaycan”ın birgə həyata keçirdiyi “Gələcəyə Təşəbbüs 2015” yazı müsabiqəsi layihəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki Ələddin İsmayılov, Lalə Qulamova (“ADA” Universiteti) və Cavid Dadaşov (Azərbaycan Dövlət İqtisad Universiteti) Birləşmiş Krallığın məşhur King’s College London ali məktəbində cari ilin iyul-avqust ayları ərzində biznes üzrə yay kurslarında iştirak etmək şansını əldə ediblər. Qaliblərə sertifikatlar verilib. İlk üçlükdə yer ala bilməyən gənclərə də dəyərli hədiyyələr təqdim edilib.
Yazı müsabiqəsinə Azərbaycanın seçilmiş universitetlərindən müraciət etmiş namizədlərin işləri “British Council Azərbaycan” və “PAŞA Bank”ın nümayəndələri tərəfindən yoxlanılaraq qiymətləndirilib. Müraciət edən tələbələrin əksəriyyəti müsabiqədən əvvəl Azərbaycan Birləşmiş Krallıq Məzunları Assosiasiyasının (AUKAA) üzvləri tərəfindən yazı qabiliyyətlərinin inkişaf etdirilməsi üzrə xüsusi təlim proqramlarında iştirak ediblər. İqtisadi inkişafla bağlı mövzuları əhatə edən yazılarda ölkənin gələcək inkişafına dair müxtəlif yönümlü orijinal fikirlər öz əksini tapıb.
“British Council Azərbaycan” təşkilatının ölkə üzrə direktoru Elizabet Vayt və “PAŞA Bank”ın korporativ kommunikasiyalar departamentinin direktoru Sona Abbasova müsabiqənin əhəmiyyətindən danışıb və qalibləri təbrik ediblər. Bildirilib ki, artıq beşinci ildir “British Council” “PAŞA Bank” ilə birgə bu layihəni reallaşdırır. Müsabiqə tələbələrə bilik və qabiliyyətlərinin genişləndirilməsi və Birləşmiş Krallığın məşhur universitetlərindən birində yay məktəbində təhsil almaq imkanı verir. Layihənin növbəti illərdə də həyata keçirilməsi planlaşdırılır.