Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Direktorlar Şurasının növbəti iclası keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat verib. Qeyd olunub ki, AMEA-nın 70 illiyi ilə əlaqədar keçiriləcək yubiley tədbirləri çərçivəsində bu elm məbədinin tarixini və strukturunu əks etdirən məlumat kitabı (prospekti) hazırlanır. Prospektin hazırlanması ilə əlaqədar məsələlərin həlli AMEA-nın həqiqi üzvü, akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyevə həvalə edilib.
V.Fərzəliyev bildirib ki, akademiya haqqında hazırlanan digər kitabda isə ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin fotoşəkilləri, rəyasət heyətinin fotoşəkli, AMEA-nın prezidentinin akademiyanın yaranma tarixi haqqında qısa məqaləsi, bölmələr üzrə akademiyanın strukturu, institutların elmi istiqamətləri haqqında yığcam məlumatlar, fotolar və digər məlumat xarakterli materiallar yer alacaq. Kitabda, həmçinin institutların mərhum və hazırda fəaliyyətdə olan alimlərinin yüksək təltifləri, Sovet İttifaqı və Sosialist Əməyi qəhrəmanlarının, Dövlət mükafatı laureatlarının siyahısı təqdim ediləcək. Akademik qeyd edib ki, nəşrdə AMEA-nın innovativ işləri barədə qısa məlumatlar da əksini tapacaq.
Akademik V.Fərzəliyev AMEA-nın institutlarında tədbirə hazırlıq işləri ilə əlaqədar yaradılmış komissiya üzvlərinə təkliflərini bildirib, kitabla bağlı sualları cavablandırıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli akademiyanın 70 illiyinə həsr olunmuş “Azərbaycanın elm məbədi” adlı sənədli filmin çəkilişləri ilə bağlı məlumat verib. Çəkilişlərin artıq 10 aydır davam etdiyini bildirən vitse-prezident deyib ki, bu müddət ərzində filmin ssenarisi yazılıb, eyni zamanda, Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivində SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsinin təşkil olunduğu dövrün arxiv lentləri araşdırılıb. Yalnız 1934-1984-cü illərdə lentə alınmış materiallar AMEA-ya təqdim olunub. Həmin kadrlardan 26 unikal lent seçilib. Hazırda bu lentlərin üzü köçürülür və montaja hazırlanır. Akademiyanın tarixi ilə bağlı müxtəlif arxivlərdən 101 şəkil toplanıb. Bildirilib ki, akademiyanın bir çox institutlarında da çəkilişləri aparılan filmin baş rejissoru kinoşünas, əməkdar incəsənət xadimi Ayaz Salayevdir. Filmin montajının sentyabr-oktyabr aylarında başa çatması nəzərdə tutulur.
Tədbirdə bir sıra digər məsələlər də müzakirə olunub.
