"Qalib idmançıya səsləndirilən himn müharibə meydanında qələbəyə bərabərdir"

"Qalib idmançıya səsləndirilən himn müharibə meydanında qələbəyə bərabərdir"
19:57 18 İyun 2015
115 Digər
Ölkə mətbuatı
A- A+

Artıq bir neçə gündür ki, ölkəmiz birinci Avropa Oyunlarının həyəcanını yaşayır. İstər Oyunların açılış mərasimi, istərsə də ayrı-ayrı idman növləri üzrə yarışların yüksək səviyyədə keçirilməsi sübut edir ki, Azərbaycan Avropa Oyunlarına ciddi-cəhdlə hazırlaşıb. Bu Oyunların ölkəmizə faydası ilə bağlı müxtəlif elm adamları, ziyalılar və siyasətçilər öz münasibətlərini bildiriblər. İndi isə bunların hamısını özündə birləşdirən şəxsin fikirlərini təqdim edəcəyik. O, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, millət vəkili, akademik Rafael Hüseynovdur.

- Rafael müəllim, Birinci Avropa Oyunları və Azərbaycan. Bunları birləşdirən nədir?

- Avropa Oyunlarının keçirilməsi üçün məkan olaraq Azərbaycan seçilib. Bunun özü Azərbaycan üçün son dərəcə şərəfli və ölkəyə başucalığı hesab edilən bir hadisəsir. 1990-cı illərin ortalarında Azərbaycanın Avropa Şurasına qəbul edilməsi məsələsi gündəmdə olanda AŞ-dən ekspertlər gəlmişdi. Ümumilli liderimiz Heydər Əliyev həmin ekspertləri qəbul edərkən mən də o görüşdə iştirak edirdim. Ekspertlərin araşdırması ondan ibarət idi ki, Azərbaycanı Avropa Şurasına qəbul etmək istəyiriksə, öncə buranın Avropaya aidliyini çoğrafi nöqteyi-nəzərdən təsdiq etməliyik. Nəhayət, ölkəmiz Avropa Şurasına qəbul edildi. Həmin görüşdən elə də çox zaman keçməyib. Amma baxın, bu gün tarixdə ilk Avropa Oyunları keçirilir və məkan Azərbaycandır. Deməli, qısa bir müddət ərzində çətin və müstəqil yollarla irəliləyən Azərbaycan elə bir mərhələyə çatıb ki, Avropa öz tarixinin ən əlamətdar hadisələrindən birini təşkil etməyi Azərbaycana həvalə edir. Bu, ölkəmizin dünyada, və konkret olaraq Avropada artan gücünün, etiraf olunan qüdrətinin təcəssümüdür. İstənilən beynəlxalq miqyaslı mədəniyyət, idman və ya ictimai mənalı hər hansı bir hadisənin mütləq mənada ayrıca bir siyasi çəkisi də var. Buna görə də ilk Avropa Oyunları, sadəcə idman tədbiri hesab edilə bilməz. Bu, həm də böyük siyasi yükü olan bir hadisədir və Azərbaycanın son illər tarixi içərisindəki ən uğurlu addımlarından biri sayılmalıdır.

Nəyə görə ayrı-ayrı qüvvələr, ayrı-ayrı ölkələr, Azərbaycanı istəməyən hansısa cərəyanlar ilk Avropa Oyunlarına kölgə salmağa, təşkilatçılıq işindəki uğurları hansısa formada ləkələməyə, bu Oyunların baş tutmasına müəyyən maneələr yaratmağa çalışırlar? Çünki onlar anlayırlar ki, bu tədbir Azərbaycanın onsuz da artan nüfuzunun bir az da yüksəlməsinə, ölkəmizin daha artıq tanınmasına növbəti bir təkan verəcək. Amma Azərbaycan dövlətinin əzmi, dövlət başçısının iradəsi elə bir yüksək səviyyədədir ki, bütün bunlara baxmayaraq, zövq, təşkilatçılıq bacarığı, Azərbaycanın maraqlarının təsdiqi üçün ən müxtəlif fədakarlıqlara hazırlıq sayəsində artıq bütün çətinliklər arxada qalıb. Beləliklə, Azərbaycan öz tarixində ilk dəfə olaraq son dərəcə böyük idman tədbirinin altına öz imzasını atacaq. Düşünürəm ki, bu Oyunların əks-sədası gələcək illərdə hələ çox eşidiləcək.

- Erməni idmançıların da Oyunlar çərçivəsində Bakıya gəlməsi cəmiyyətdə birmənalı qarşılanmır. Bəziləri hesab edirlər ki, ermənilər ümumiyyətlə bu yarışlara buraxılmalı deyildilər. Siz necə düşünürsünüz?

- Azərbaycanda beynəlxalq səviyyəli oyunlar keçirilir və bu yarışlarda hər bir ölkənin idmançıları iştirak edirsə, bizə olan təcavüzkar münasibətindən, işğalçı siyasətindən asılı olmayaraq, Ermənistanın da burada iştirak etməsi həmin kontekst içərisində məqbul bir hadisədir. Əksinə, ermənilər təyyarədən enirlər, gəlib Olimpiya kəndində yerləşirlər və sonra hansısa yarışlarda iştirak etmək üçün Bakı küçələrindən avtobusla keçib gedirlər. Onlar Ermənistandan gəlirlər və ölkəmizin inkişafını, yüksəlişini görürlər. Ermənistan iflas edən, əhalisinin sayı kəskin şəkildə azalan bir ölkədir. 4 milyonluq Ermənistanda indi bir milyon adam qalıb. Statistika göstərir ki, ümumiyyətlə yaxın illərdə Ermənistanda ancaq yeriyə bilməyən adamlar qalacaq. Qoy, görsünlər ki, onların rəhbərlərinin apardığı siyasət insanlarını hansı təcrid halına salıb, hansı miskin səviyyədədirlər və onların təcavüzə uğratdıqları, qaçqınlar, məcburi köçkünlər faciəsinə düçar etdikləri Azərbaycan isə bütün bu məşəqqətlərə baxmayaraq, hansı işlərə nail olub. Gördüklərini gedib Ermənistanda danışacaqlar, danışmasalar belə, televiziyalar göstərəcək, Dağlıq Qarabağda da bu yarışlara baxırlar. Oyunlar ərzində reklam rolikləri yayımlananda onlar Azərbaycanı, Bakını görürlər. İkincisi isə, Azərbaycan torpaqlarında işğalçılıq siyasətini buraya gələn idmançılar aparmayıb ki... Bunu edənlər tamam başqa siyasətçilər, başqa güclər və simalardır. Ermənistan-Azərbaycan münaqişəsi də yalnız iki ölkə arasındakı münaqişə deyil. Əgər belə olsaydı, Azərbaycan çoxdan bu məsələnin nöqtəsini qalibiyyətlə qoyardı. Ermənistanın arxasında duran böyük güclər, ayrı-ayrı ölkələr var. Bu düyünün açılmasını ləngidənlər, buna mane olanlar məhz onlardır.

Digər tərəfdən, düşünürəm ki, buraya gələn erməni idmançılar bəzilərinin təsəvvür etdiyi kimi, sərbəst şəkildə şəhərdə gəzib dolaşmırlar. Onlar yarışlarda iştirak etmək üçün gəliblər, digər ökələrdən gələn idmançılar kimi, onlar da Avropa Oyunları Təşkilat Komitəsinin müşayiəti ilə hərəkət edirlər. Bu, onların təhlükəsizliyi nöqteyi-nəzərindən lazımdır. Beynəlxalq tədbirə ev sahibliyi edən bir ölkə kimi, bu həm də götürdüyümüz beynəlxalq öhdəliklərə uyğundur. Ona görə də Ermənistanın bu yarışlarda iştirak etməsində elə bir qəbahət yoxdur. Onlar buradan özləri üçün yalnız ibrət götürəcəklər və bu münaqişənin ermənilər üçün nə qədər faciəli olduğunu bir daha şüurlarına yerləşdirəcəklər.

- Məlumdur ki, bu Oyunların yüksək səviyyədə təşkilindən sonra Azərbaycanın beynəlxalq nüfuzu daha da artacaq. Bu amil Dağlıq Qarabağ düyününün açılmasında nə dərəcədə rol oynayacaq?

- Sözsüz ki, bu hadisə Azərbaycanın beynəlxalq nüfuzunun artmasına təkan verəcək. Bu Oyunlara ev sahibliyinin Azərbaycana tapşırılması artıq ölkəmizin bir güc olaraq, müasir bir dövlət olaraq dünya tərəfindən etiraf edilməsi deməkdir. Dünyanın İngiltərəsi, Almaniyası, Fransası, oturuşmuş demokratiyası, müstəqillik tarixi olan ölkələri var. Azərbaycandan daha böyük, iqtisadi cəhətdən daha zəngin onlarla ölkədən fərqli olaraq bu yarışlar bizə həvalə edilib. Azərbaycan da qısa bir müddətdə ən müərəkkəb və müasir inşaat tələblərinə cavab verən idman infrastrukturu yaratdı. Əlbəttə, bütün bunların hamısı Azərbaycan haqında təsəvvürləri artırır, Azərbaycanın böyüklüyü, gücü haqqında insanların düşüncələrini formalaşdırır. Bəzən hər şeyi maddiyyatla ölçən və düşüncələri çoxxətli olan insanlar düşmən və xəstə düşüncəni müxalif düşüncəylə səhv salırlar. Hər şeyi maddiyyata yönəldərək deyirlər ki, Azərbaycan milyonlarla xərc çəkir, bunun faydası nədir. Amma Azərbaycanın keçirdiyi bu nəhəng tədbirin ölkəyə gətirdiyi nüfuz, başucalığı və etiraf məqamı bütün maddi gəlirlərdən daha üstündür. Təsəvvür edin, yarışlar 150 ölkədə yayımlanır, bu ölkələrdə Azərbaycanın inkişafını istər-istəməz görəcəklər. Təkcə bu faktı maddiyyətə çevirsək, bu, Azərbaycan üçün 150 milyard gəlir deməkdir. Kim 150 ölkəni vadar edə bilər ki, bizim uğurlarımızı, yüksəlişimizi eyni anda göstərsinlər və milyonlarla insan buna baxsın. İdman insanları cəlb edən, maraqlandıran bir hadisədir. Ona görə də şübhə yoxdur ki, dünya ölkələri bu tədbiri də maraqla izləyir.

Bundan öncə "Eurovision" mahnı müsabiqəsi keçirildi. Azərbaycanı tanımayan ölkələr bu yarışmadan sonra tanıdılar. Ölkəmizin mədəniyyəti, adət-ənənələri barədə təsəvvürləri yarandı. Dünyanın ən müxtəlif ölkələri Azərbaycana valeh oldular və ilk fürsətdə əcnəbilər ölkəmizə gəlməyə çalışdılar. Bu baxımdan, Avropa Oyunları daha genişmiqyaslıdır və ölkəmizin Avropada, dünyada daha uca görünməsində müstəsna əhəmiyyət kəsb edən bir hadisədir. Təbii ki, bütün istiqamətlərdə bunun bizə faydası var, o cümlədən Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı və Dağlıq Qarabağ düyününün açılması barədə gedən müzakirələrdə böyük təsiri olacaq. Artıq görəcəklər ki, Azərbaycanın mövqeyi nədir, ölkəmiz hansı siyasətin, hansı müasirliyin tərənnümçüsü və təmsilçisidir.

- Rafael müəllim, idman həm siyasəti, həm mədəniyyəti, həm də əyləncəni özündə birləşdirir. Sizcə, idmanda bunların hansı daha çox ehtiva olunur?

- Əslində bunlar bir-birindən ayrılmaz məfhumlardır, bütün tarix boyu bir yerdə olublar. İdman qədim yunanların, romalıların zamanından insanları birləşdirən bir amil kimi ortaya çıxıb. Onlar idman edərkən əyləniblər, dincəliblər, vaxtlarını səmərəli keçiriblər. Amma bir həqiqət də var. İnsanlar bir yerə cəmlənirsə, kütlə hansısa bir ideya və maraq ətrafında qovuşursa, bunun özü artıq siyasətdir. Siyasət cəmiyyətin birləşməsi, yaxınlaşması, bir məslək uğrunda, bir ideya ətrafında toplaşaraq eyni hədəfə vurması deməkdir. Ona görə də idman keçmişdə olduğu kimi, bu gün də kütlələri birləşdimək istiqamətində böyük rolunu oynayır. Düşünürəm ki, idmanın bu amilindən həmişə yararlanmaq lazımdır. Azərbaycan dünyanın idman ökələri içərisində çox cavandır. Sovetlər birlyi dönəmində beynəlxalq idman yarışlarında iştirak edən idmançılarımıza "rus" deyə müraciət edirdilər. İndi Azərbaycan müstəqil dövlətdir və idmançısı öz adı ilə dünyanın müxtəlif ölkələrində çıxış edir, orada qazanılan hər bir qələbə, qaldırılan bayraq və səsləndirilən dövlət himni də siyasət deməkdir. Bir idmançı zəfəri ilə ölkəsinin himnini dünyanın ən müxtlif yerlərində, o cümlədən Ermənistanda keçirilən beynəlxalq yarışda səsləndirir. Bu, müharibə meydanında qazanılan qələbəyə bərabərdir. Ona görə də idmanın içərisində həmişə siyasət var və bundan sonra da olacaq. Azərbaycan müstəqilliyinin daha möhkəm və əbədi olması üçün bütün istiqamətlərdəki imkanlarımızdan istifadə etməliyik. İdmançılarımız da qələbələri ilə buna hər zaman öz töhfələrini verməlidirlər və verirlər.

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/351234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR