APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.
Baş nazir İ. Qaribaşvili iyunun 18-də Tiflisin mərkəzindəki Svanidze küçəsinə gələrək Vera çayının daşması və torpaq sürüşməsi nəticəsində baş verən daşqın qurbanlarının xatirəsini yad edib.
Məlumata görə, daşqın qurbanlarına memorial Tiflis şəhər meriyasının və bələdiyyəsinin təşəbbüsü ilə ucaldılacaq.
İyunun 15-dən başlayaraq Gürcüstan paytaxtında baş verən daşqın qurbanlarının xatirəsini yad etmək üçün şəhər sakinləri, hökumət və diplomatik korpus nümayəndələri Svanidze küçəsinə gül-çiçək dəstələri gətirir, şam yandırırlar. İyunun 13-dən 14-nə keçən gecə məhz bu ərazidə sel suları yaşayış evlərinə və insanlara zərər vurub, avtomobillər daşan suların altında qalıb, şəhərin magistral yolu zədələnib.