Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə edilib

Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə edilib
06:03 19 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
İyunun 18-də Azərbaycanın iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev Macarıstan Milli Assambleyasının sədri Laszlo Köverin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Şahin Mustafayev Azərbaycan ilə Macarıstan arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, humanitar və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini deyib, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının siyasi iradəsinin, qarşılıqlı səfərlərin, aparılan danışıqların xüsusi əhəmiyyətini vurğulayıb. Bildirilib ki, ölkələrimiz arasında müqavilə-hüquqi baza yaradılıb, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya, Macarıstanda Macarıstan-Azərbaycan Ticarət Evi uğurla fəaliyyət göstərir, ticarət dövriyyəsində dinamik artım müşahidə edilir.
Şahin Mustafayev Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etdiyini xatırladıb və ölkəmizin bu Oyunlara yüksək səviyyədə hazırlaşdığını bildirib. Nazir vurğulayıb ki, Macarıstan idmançıları bu mötəbər idman yarışlarında uğurla iştirak edir və yüksək nəticələr göstərirlər.
Azərbaycanın qazandığı nailiyyətlər barədə məlumat verən Şahin Mustafayev Macarıstanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini dəstəklədiyini, Ermənistanın işğalçı siyasətinin regional əməkdaşlığın inkişafına ciddi maneə olduğunu vurğulayıb, münaqişə ilə bağlı hələ də ikili standartların tətbiq olunduğunu diqqətə çatdırıb.
Görüşdə humanitar sahədə əlaqələrin genişləndiyi, Heydər Əliyev Fondu tərəfindən bu sahədə mühüm layihələrin həyata keçirildiyi, Azərbaycan gənclərinin dünyanın bir çox ölkələrində, o cümlədən Macarıstanın universitetlərində təhsil aldıqları qeyd edilib.
Macarıstan Milli Assambleyasının sədri Laszlo Köver qonaqpərvərlik üçün Azərbaycan tərəfinə minnətdarlıq edib, ikitərəfli əlaqələrin inkişafından razılığını bildirib. O, ölkəsinin Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini və əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib. Laszlo Köver “Cənub” qaz dəhlizi ilə bağlı həyata keçirilən layihələri dəstəklədiyini, birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu deyib.
Tərəflər sənaye, enerji, kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinə dair müzakirələr aparıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Macaristan_iqtisadi_emekdasliginin_genislendirilmesi_meseleleri_muzakire_edilib-865146

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı