Bakı, 19 iyun, AZƏRTAC
Rusiya Federasiyası Samara şəhərinin təhsil işçiləri Bakı Slavyan Universitetində (BSU) olublar.
BSU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetin rektoru, professor Asif Hacıyev qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, BSU-da digər slavyan dilləri ilə yanaşı, rus dili və ədəbiyyatı, rusiyaşünaslıq, tərcümə və başqa sahələr üzrə mütəxəssis hazırlanır, habelə rusistikaya aid fundamental elmi tədqiqatlar aparılır. Rektor BSU-nun beynəlxalq əlaqələrindən danışaraq bildirib ki, bu ali məktəb Rusiyanın bir çox nüfuzlu universitetləri ilə əməkdaşlıq edir, birgə elmi konfranslar, ixtisasartırma kursları, tələbə mübadiləsi həyata keçirilir.
Görüşdə universitetdə fəaliyyət göstərən Rus Dili və Mədəniyyəti Mərkəzi, BSU tərəfindən Moskva Dövlət Linqvistik Universitetində və Ural Federal Universitetində yaradılmış Azərbaycanşünaslıq mərkəzləri haqqında da qonaqlara məlumat verilib.
Samara İcra Hakimiyyəti başçısının müavini, Samara Təhsil Departamentinin rəhbəri L.Quzina, Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialının prorektoru Elçin Həşimov, məktəb direktorlarından ibarət nümayəndə heyətinin üzvləri də Azərbaycanda rus dili və mədəniyyətinə olan böyük diqqət və qayğıdan, BSU-da rusistikanın yüksək səviyyəsindən razılıqlarını bildiriblər.
Ölkəmizdə keçirilən “Bakı-2015” ilk Avropa Oyunlarını yaxından izlədiklərini deyən rusiyalı qonaqlar bu möhtəşəm idman tədbirinin yüksək səviyyədə təşkil edildiyini və böyük uğurla keçirildiyini vurğulayıblar. Bakıya ilk dəfə gələn qonaqlar şəhərimizə heyranlıqlarını bildirib, ölkəmizdəki vüsətli inkişafı və xalqımızın tolerantlığını xüsusi qeyd ediblər.