Səfir: "TAP-ın tikintisinə 2016-cı ildə başlanılacaq"

15:57 19 İyun 2015
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 15:52 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilo "Caspian Energy İnternational Media Group"un prezidenti və baş redaktoru Natalya Əliyevanı, "Caspian Energy" jurnalının redaktoru Ceyhun Bayramovu və "Caspian Energy News"un müxbiri Səbinə Məmmədovanı qəbul edib.

 

"Caspian European Club"dan "APA-Economics"ə verilən məlumata görə, görüş zamanı "Caspian European Club" və "Caspian Energy İnternational Media Group" çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin İtaliya iqtisadiyyatının inkişafına həsr olunmuş xüsusi nömrənin buraxılışı müzakirə olunub.

 

Səfir "Caspian European Club" və "Caspian Energy İnternational Media Group"un fəaliyyətini yüksək qiymətləndirib.

 

Səfir "Caspian Energy" jurnalında İtaliya iqtisadiyyatı ilə bağlı məqalə və müsahibələrin dərc edilməsində maraqlı olduğunu ifadə edib.

 

Diplomat "Caspian Energy jurnalına" müsahibəsi zamanı Azərbaycanla İtaliya arasındakı əməkdaşlığın perspektivlərindən danışarkən bunları qeyd edib: "Əlbəttə, gələcək inkişaf üçün bizim potensialımız var. Buna görə də əvvəlki kimi yenə də hazırkı göstəriciləri qənaətbəxş hesab etmirik. Biz bundan da yüksək nəticələr əldə edə bilərik. Son üç-dörd il ərzində Azərbaycana İtaliya ixracatında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. 2011-ci ildə Azərbaycana İtaliya ixracı 200 milyon avrodan  az olduğu halda 2014-cü ildə bu rəqəm 600 milyon avroya yüksəlib. Bütün bu faktlar münasibətlərimizin inkişafından xəbər verir".

 

O, həmçinin qeyd edib ki, İtaliya Azərbaycanın əsas ticarət partnyorudur: "Azərbaycan 2014-cü ildən İtaliyaya ilk neft tədarükçüsüdür. Bildiyiniz kimi, İtaliya “Cənub qaz dəhlizi” layihəsində partnyor qismində çıxış edir. Biz də öz növbəmizdə Azərbaycan da daxil olmaqla bütün partnyorlarımızla 2016-cı ildə Transadriatik qaz kəmərinin (TAP) tikintisinə başlamaq öhdəçiliyini öz üzərimizə götürdük".

 

“Biz Azərbaycanı Birinci Avropa Oyunlarının təşkili münasibəti ilə təbrik etdik, çünki bu oyunlar olduqca böyük əhəmiyyət kəsb edir. Açılış mərasimi möhtəşəm idi. Biz həmin mərasimdə iştirak etməyimizdən şad olduq. Hesab edirəm ki, bu, Azərbaycan üçün əla başlanğıcdır”, - deyə səfir çıxışına yekun vurub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387807

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı