Azərbaycan, Bakı, 19 iyun /Trend/
Bu gün Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Dünya Bankının sosial inkişaf üzrə mütəxəssisi xanım Mikelle Rebosionu qəbul edib.
Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Ə.Həsənov M.Rebosionu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, bu təyinatın Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsində mühüm önəm daşıyacağına əminliyini bildirib.
Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb və Azərbaycan hökumətinin Dünya Bankı ilə əməkdaşlıq etdiyi müddətdə kifayət qədər yaxşı təcrübənin toplandığını diqqətə çatdırıb.
Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı əlaqələrin son illər yeni mərhələyə qədəm qoyduğunu, həyata keçirilən layihələrin qarşılıqlı əməkdaşlıq şəraitində uğurla və şəffaf şəkildə davam etdirildiyini diqqətə çatdıran Baş nazirin müavini bildirib ki, bunlar arasında istər məcburi köçkünlərin məskunlaşma obyektlərində, istərsə də onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr mühüm önəm kəsb edir. Bildirilib ki, təkcə qaçqın və məcburi köçkünlərin rifahının yaxşılaşdırılması istiqamətində Dünya Bankı ilə bir neçə uğurlu layihə həyata keçirilmiş və bu işlər davam etdirilməkdədir.
O, qeyd edib ki, bu gün Azərbaycan dövləti vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb və ölkəmizin gündən-günə artan iqtisadi inkişafı bu problemlərin həllinə imkan yaradıb. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkünlər üçün prioritet sahələrdən olan, xüsusilə gəlir gətirmə, gənclərin dəstəklənməsi, mikrokredit proqramları və digər vacib sahələr üzrə həyata keçirilən layihələrə üstünlük verilməlidir.
Görüşdə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış kredit sazişinə əsasən həyata keçirilən "Məcburi Köçkünlərin Yaşayış şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi" layihəsinin müzakirəsi zamanı həmin layihə çərçivəsində indiyədək görülmüş işlər təhlil edilib, qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilib. Ə.Həsənov qeyd edib ki, dövlətimizin maliyyə imkanlarının getdikcə daha da artmasına baxmayaraq, etibarlı və təcrübəli beynəlxalq maliyyə təsisatları ilə kredit əməkdaşlığı davam edir. Bu, həm yaranmış əməkdaşlığın möhkəmlənməsinin, həm də tərəflərin bir-birinə yüksək etimadının göstəricisidir.
Bütün bunları müsbət hal kimi dəyərləndirən Baş nazirin müavini onu da diqqətə çatdırıb ki, Azərbaycan hökuməti Dünya Bankı ilə əməkdaşlıq etməkdə, onun təcrübəsindən bundan sonra da yararlanmaqda maraqlıdır və bu gün qaçqın və məcburi köçkün probleminin həllində Azərbaycanın təcrübəsindən də dünyanın oxşar problemləri ilə üzləşən ölkələrində istifadə olunur ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da qurumun yüksək tribunasından dəfələrlə bəyan edib. Bütün bunları qarşılıqlı əməkdaşlığın nəticəsi kimi qiymətləndirən Ə.Həsənov həyata keçiriləcək layihələrin icrasını surətləndirməyin, keyfiyyətini yüksəltməyin, layihələrin istiqamətini prioritet sahələrə yönəltməyin vacibliyini də vurğulayıb.
Dünya Bankı ilə əməkdaşlığa bu cür önəm verdiyinə, səmimi qəbula və hərtərəfli məlumata görə minnətdarlığını ifadə edən xanım M.Rebosion hələ 1999-cu ildə təmsil etdiyi beynəlxalq humanitar təşkilatın xətti ilə Ağcabədi rayonu ərazisində məskunlaşan məcburi köçkünlərin problemlərinin həlli ilə məşğul olduğunu, bu sahə ilə bağlı həyata keçirilən tədbirlərdə yaxından iştirak etdiyini diqqətə çatdıraraq Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirməklə yanaşı qeyd edib ki, onun təmsil etdiyi qurum da Azərbaycan hökuməti ilə əməkdaşlıqda, məcburi köçkünlərlə işləməkdə maraqlıdır.
Azərbaycanın bütün sahələrdə gündən-günə inkişaf etdiyindən məmnunluğunu bildirən qonaq bu istiqamətdə də nəzərdə tutulan layihələrin vaxtında və keyfiyyətlə yerinə yetiriləcəyinə əminliyini vurğulayıb, məcburi köçkünlərlə işləməyin daha çox insanlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Dünya Bankının rəsmisi qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərin bütün dünya üçün örnək olduğunu bildirib və Dünya Bankı ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az