Bu adamları necə tərbiyələndirək?

Bu adamları necə tərbiyələndirək?
17:37 19 İyun 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

Selfi çəkmək artıq bütün dünyanı bürüyən yoluxucu xəstəliyə çevrilib. 20-ci əsrin əvvəllərində yaşamış bir qadın bütün ömrü boyu cəmi 5-6 foto çəkdirmişdisə, indi elə həmin qadının qız nəvəsi içində güzgü olan liftdə on dəfə çox foto çəkdirir. Hətta selfilərlə bağlı çox qəribə bir statistika da ortaya çıxıb. Sən demə, gün ərzində dünyada çəkilən selfilərin sayı, 19-cu əsr boyu bütün dünyada çəkilmiş fotoların sayından daha çoxdur.

Biz heç də insanların özlərini çəkməsinə qarşı deyilik. Texnoloji yeniliklərdən faydalanmaq mütləqdir. Bu yeniliklər həyatımızı çox rahatlaşdırır. Əgər ötən əsrdə bəylər bir məktub göndərmək üçün novruzəliləri poçt idarəsinə göndərirdilərsə, bu gün daha ciddi məktubları bir kliklə yola salmaq olur. Ancaq texnoloji yeniliklərdən istifadə bəzən absurd formaya düşür.

Selfi sevdası bəzən o qədər absurd hal alır ki, mövzuya toxunmamaq olmur. Əvvəllər haradasa bir yanğın olanda insanlar təlaşa düşərdi. Yanğının içində qalan insanları xilas etməyə çalışar, hərə bir vedrə su gətirib tökərdi ki, yanğın sönsün. 30 il əvvəl suda batan adamı tez xilas etmək üçün dəridən-qabıqdan çıxan adamların övladları indi eyni hadisənin şahidi olanda foto çəkirlər. Ya da ki, video çəkirlər.

Bu gün Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin cənazəsi Kocatepe Məscidinə gətiriləndə də belə hallardan biri baş verib. Dəmirəlin cənazəsinin keçidi əsnasında bəzi vətəndaşlar telefonlarıyla selfie çəkməyə çalışıblar. Polis təhlükəsizlik tədbirləri üçün böyük səy göstərib. Ancaq buna baxmayaraq bəzi vətəndaşların selfi çəkdirməyi xoş qarşılanmayıb. Hətta sosial şəbəkələrdə insanlar selfi çəkdirənləri tənqid ediblər.

Fotoları adətən pozitiv hadisələr zamanı çəkdirərlər. Cənazə gedərkən onun qarşısında selfi çəkdirməyi yalnız mənəvi cəhətdən tənəzzülə uğramış insanlar edə bilərlər. Elə düşünməyin ki, bu hal Türkiyədə baş veribsə, bizə aid deyil. Bu cür mənəvi deqradasiya ayrı-ayrı ölkələrin problemi deyil. Hər yerdə belələri var. Bakıda baş verən yanğının qarşısında dayanıb selfi çəkdirən adamlar da görmüşük.

Bəs bu cür adamları necə tərbiyə edək? Anlasınlar ki, həyatda hər şey sosial şəbəkədə status paylaşmaqdan ibarət deyil. Bu dünyada yüksək mənəvi dəyərlərin olduğunu belə adamlara necə başa salaq?

Fikirlərinizi aşağıdakı şərh bölməsində yaza bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/351455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR