Azərbaycan Dillər Universiteti Rusiya Elmlər Akademiyası ilə müqavilə imzalayıb

21:23 19 İyun 2015
70 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC 
Azərbaycan Dillər Universiteti (ADU) ilə Rusiya Elmlər Akademiyası (REA) Sibir Bölməsinin Filologiya İnstitutu arasında müqavilə imzalanıb.
Müqavilədə aspirant və doktorantların təhsilinə, onların təkmilləşməsinə kömək göstərmək, qarşılıqlı mübadiləni həyata keçirmək, elmi sahələr üzrə əməkdaşlıq yaratmaq, aparılan elmi araşdırmalar və nəşrlər, habelə təcrübə mübadiləsinə dəstək, birgə simpozium, seminar və konfransların, o cümlədən layihə və proqramların təşkili və digər məsələlər əksini tapıb.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, universitetdə fəaliyyət göstərən eksperimental fonetika və tətbiqi dilçilik laboratoriyasında dilçiliyin bir sıra tətbiqi məsələlərini həll etməkdə (maşınla tərcümə, ünsiyyət modelinin analoqunun hazırlanması, mətnlərin avtomatik redaktəsi və s.) xüsusi əhəmiyyət kəsb edən Azərbaycan dili, o cümlədən respublikamızda tədris olunan dillərin akustik aspekti kompyuter proqramları vasitəsilə tədqiq edilir. REA Sibir Bölməsinin Filologiya İnstitutu nəzdində fəaliyyət göstərən eksperimental-fonetik tədqiqatlar laboratoriyasında isə dil səslərinin artikulyator, yəni fizioloji aspekti tədqiq olunur. Dillərin tədqiqində hər iki aspektin birlikdə öyrənilməsi fonetik təqiqatlarda elmi cəhətdən daha səmərəlidir. Bu baxımdan Azərbaycan Dillər Universiteti ilə REA Sibir Bölməsinin Filologiya İnstitutu arasında səmərəli işgüzar əlaqənin yaradılması, hər iki tərəfin öz tədqiqat sahəsində əldə etdiyi bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi elmin inkişafı üçün məqsədəuyğun hesab olunur.
Azərbaycan Dillər Universitetinin ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəlli və həmin kafedranın dosenti Cəmil Babayev bu günlərdə REA Sibir Bölməsinin Filologiya İnstitutunda işgüzar səfərdə olublar. F.Veysəlli Filologiya İnstitutunda gənclərə “Dilin səs tərəfinin avtonomluğu problemi“ mövzusunda mühazirə oxuyub. Sonra mövzu ilə bağlı geniş müzakirələr aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Diller_Universiteti_Rusiya_Elmler_Akademiyasi_ile_muqavile_imzalayib-865439

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı