Makedoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Makedoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
14:23 21 Yanvar 2015
89 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Makedoniyada “Mədəni irs, yerli iqtisadi inkişaf, turizm və media arasında interdisiplinar əlaqələrə baxış” mövzusunda üçüncü beynəlxalq konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri yanvarın 20-də əhalisi əsasən türklərdən ibarət olan Jupa bələdiyyəsində 20 Yanvar faciəsi ilə bağlı anma tədbiri keçiriblər.
"MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən AzərTAc-a bildiriblər ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İctimai Birliyin sədri Fariz Xəlilli Azərbaycan nümayəndə heyətinin Makedoniyaya səfərinin məqsədlərindən, bu cür görüşlərin Azərbaycan-Makedoniya mədəni əlaqələrinin inkişafına töhfəsindən danışıb.
Daha sonra Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası sədrinin müavini, professor Qafar Cəbiyevin "20 Yanvar faciəsinin səbəbləri, nəticələri və dərsləri" mövzusunda məruzəsi dinlənilib.
Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu direktorunun müavini, sənətşünaslıq doktoru Kübra Əliyeva 20 Yanvar faciəsi ilə bağlı xatirələrini bölüşüb.
Jupa bələdiyyəsinin sədri Arıyan İbrahim türklərin daha çox yaşadığı bu bölgəyə azərbaycanlıların ilk dəfə gəldiyini və bundan məmnunluğunu bildirib. O, qeyd edib ki, Azərbaycanın son zamanlar iqtisadi sahədəki uğurları və Bakıda görülən böyük quruculuq işləri hətta ucqar kəndlərimizin sakinləri tərəfindən də televiziya vasitəsilə izlənilir. Azərbaycan torpaqlarının erməni işğalı altında olmasından narahat olur və bu problemin çox yaxın vaxtlarda ədalətli həllini tapacağına inanırıq. Bələdiyyə sədri 20 Yanvar faciəsi qurbanlarına Allahdan rəhmət diləyib, onların yaxınlarına səbir arzulayıb.
A.İbrahim bu cür səfərlərin və görüşlərin tez-tez keçirilməsinin zəruriliyini qeyd edib.
Sonda Jupa bələdiyyəsinin kitabxanasına Azərbaycan ilə bağlı kitab və jurnallar hədiyyə edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Makedoniyada_20_Yanvar_faciesi_qurbanlarinin_xatiresi_anilib-826350

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR